AMEA-nın bir neçə institutunda dövlət vəsaitindən qeyri-qanuni istifadə halları aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları, Radiasiya Problemləri, Geologiya və Geofizika, Dendrologiya institutlarında, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzində maliyyə əməliyyatlarında qanuna zidd əməllər və dövlət vəsaitindən qeyri-qanuni istifadə halları aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Hesablama Palatasının 2015-ci il üzrə fəaliyyəti barədə açıqladığı hesabatda bildirilir.

Hesabata əsasən, obyektlərdə əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi nəticəsində artıq büdcə vəsaitinin istifadəsinə yol verildiyi müəyyən edilib. Təhlil bu nöqsanların bir neçə istiqamətlərdə formalaşdığını göstərib. Belə ki, artıq icra edilmiş vəsait Əmək Məcəlləsinin tələblərinə əməl olunmayaraq bəzi işçilərə əvəz etdikləri eyni xarakterli olmayan boş vəzifələrin əmək funksiyasını 3 aydan artıq müddətə yerinə yetirmələri üçün və tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsinə görə, həmçinin müxtəlif dövlət proqramları və tədbirlər planları üzrə işlərin yerinə yetirilməsinə ayrılmış vəsait hesabına ödənilmiş əmək haqqından, mülki hüquqi müqaviləyə əsasən 1 il müddətinə aylıq əmək haqqı müəyyənləşdirilməklə işə qəbul olunmuş əməkdaşlara mükafatlara ödənilmiş vəsaitlərdən formalaşıb. Bu istiqamətdə artıq ödənilmiş vəsaitin bir hissəsi isə müxtəlif digər nöqsanlar, o cümlədən ezamiyyə, məzuniyyət və xəstəlik dövründə işçilərə əmək haqqı, həmçinin məzuniyyətdən geri çağırılan işçilərə istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulu ödənilməsi nəticəsində yaranıb.

Qeyd olunan obyektlər tərəfindən vəsaitin Vahid büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodunun dəyişdirildiyi, bu qurumlarda material ehtiyatlarının çatışmazlığının mövcud olduğu, eyni zamanda xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan bir sıra xərclərə vəsait yönəldildiyi də müəyyən olunub.

Müəssisələrdə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi zamanı artıq ödənişlərə yol verdiyi müəyyən olunub. Ezamiyyə ilə bağlı xərclərin ödənilməsi qaydalarını tənzimləyən müvafiq normativ-hüquqi aktların tələblərinin pozulması hallarına yol verilib.

Elm müəssisələri tərəfindən müxtəlif avadanlıqların alınaraq istismara verilməməsi və ya müəyyən müddətdən sonra istismar olunması, həmçinin bir neçə kompüter üçün alınmış proqram təminatının yalnız bir kompüterdə istifadə edilməsi nəticəsində səmərəsiz xərcə yol verildiyi müəyyən edilib.

Eyni zamanda təmir-tikinti ilə bağlı xərclərin icrası zamanı bir sıra nöqsanlara yol verilib, tikinti zamanı istifadə edilən materialın dəyəri artırılaraq hesablanıb. Satınalmalarla bağlı qanunvericlik aktlarının tələblərinə bəzi hallarda riayət edilməyib. Elm müəssisələri tərəfindən mühasibat uçotunun təşkili və aparılması ilə bağlı müvafiq qanunvericiliyin bir sıra tələblərinə riayət olunmaması halı da aşkar edilib. Bundan başqa qeyd olunan müəssisələrdə nəqliyyat vasitələrinin saxlanılması ilə bağlı xərclərin icrası zamanı nöqsanlara yol verildiyi, bir sıra hallarda isə ödəmə mənbəyindən vergi, sosial sığorta haqlarının tutulmaması, konfrans materiallarının təkrar nəşr edilməsi, tədris kurslarını bitirmiş şəxslərdən təhsil haqqının alınmaması, yay mövsümündə isitmə stansiyalarına yanacaq xərc edilməsi kimi hallar müəyyən edilib.

Yoxlamaların nəticələri Hesablama palatasının Kollegiyasında müzakirə edilərək müvafiq qərar qəbul edilib. Qərarın sürəti zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədi ilə AMEA-ya göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib. Bunun nəticəsi olaraq İnformasiya Texnologiyaları İnstitutu tərəfindən cəmi 52,3 min manat dövlət büdcəsinə bərpa olunub, balans dəyəri 27,4 min manat olan avadanlıq mədaxil olunub, 6,7 min manat dəyərində olan maddi və qeyri maddi aktivlər uçota alınıb. Anbar qalığı 3,5 min manat dəyərində əsas vəsait çatışmazlığı natura şəklində bərpa olunub. İnstitutun direktor müavininə, baş mühasibinə, kadrlar şöbəsinin və tədris-informasiya mərkəzinin müdirlərinə xəbərdarlıq elan olunub. Radiasiya Problemləri İnstitutu tərəfindən isə 7,3 min manat dövlət büdcəsinə bərpa olunub, mədaxil olunmuş əsas vəsaitlərin 27,9 min manat əlavə dəyər vergisi və 2,8 min manat gömrük xərcləri nəzərə alınmaqla yenidən uçota alınması təmin edilib. İnstitutun direktor müavini və baş mühasibinə töhmət verilib. Geologiya və Geofizika İnstitutu tərəfindən 36,0 manat dövlət büdcəsinə bərpa edilib, 30,0 min manat dəyərində nəqliyyat vasitəsinin və quraşdırılması rəsmiləşdirilmiş 1154,4 min manat dəyərində inventar-avadanlıqlar aidiyyəti hesablar üzrə uçota alınmaqla balansa götürülüb, 239,5 min manat debitor borcunun malların, iş və xidmətlərin satınalınması hesabına bağlanıldığı bildirilib. Bir mühasibə töhmət, bir mühasibə isə xəbərdarlıq verilib. Dendrologiya İnstitutu tərəfindən isə 22,9 min manat büdcəyə bərpa olunub. Baş mühasibə şiddətli töhmət verilib və axırıncı xəbərdarlıq edilib, direktor müavininə və baş mühəndisə isə töhmət verilib. Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən 56,6 min manat dövlət büdcəsinə bərpa olunub, əsaslı vəsait qoyuluşu hesabına tikilmiş 1076,8 min manat dəyərində telemetrik seysmoloji stansiyaların müvafiq qaydada balansa götürülməsi təmin edilib. Baş direktor müavininə və baş mühasibə xəbərdarlıq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00