Miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
8 Aprel 2016 16:42 SosialÇinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin Dövlət Miqrasiya Xidmətində olub. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə iki dövlət arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunmuş müvəffəqiyyətlərin, sosial-iqtisadi nailiyyətlərin, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəticəsində respublikamızın miqrasiya baxımdan mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrildiyini deyib. Bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə əsaslı işlər görülüb. Görüşdə müasir dünyada miqrasiya və miqrantlar mövzusunun aktuallığına diqqət çəkilib. Görüşdə səfir respublikamızda fəaliyyət göstərən Çin şirkətləri və iş adamlarının, eləcə də Çin Xalq Respublikası vətəndaşlarının miqrasiya sahəsində heç bir problemlə rastlaşmadıqlarını vurğulayıb. Həmçinin Azərbaycanın miqrasiya qanunvericiliyinə aid olan məsələlər və digər qarşılıqlı maraq doğuran mövzular barədə fikir mübadiləsi aparılıb.