Online olimpiada keçirilib
4 Aprel 2016 17:36 Sosial"İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsinədə 2016-i ilin birinci on-layn olimpiadası keçirilib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, olimpiada 14-16 yaşlı yeniyetmələr arasında riyaziyyat, fizika və kimya fənləri üzrə aparılıb. İştirakçılar 45 dəqiqə ərzində www.istedad.az saytında xüsusi səhifədə 4 riyaziyyat, 3 fizika və 3 kimya elminə aid tapşırığı həll ediblər. Olimpiadaya qatılmaq üçün bütün ölkə üzrə 2500-dən artıq iştirakçı qeydiyyatdan keçib və baş tutmuş birinci on-layn turda 1008 nəfər iştirak edib. Olimpiadanın qaydalarına görə on-layn turun nəticələri 24 saat ərzinda saytda dərc ediləcək. Birinci on-layn turun nəticələrinə görə 42 nəfər Final mərhələyə vəsiqə qazanmışdır. Onlardan12 nəfər 10 bal, 15 nəfər 9 bal və15 nəfər 8 bal toplayıb. Qeyd edək ki, "İstedadların hazırlığı laboratoriyası" 2013-cü ildən başlayaraq hər il keçirilir. 2013-2015-ci illərdə 6 mindən artıq yeniyetmə bu bilik yarışmasında iştirak etmiş, olimpiadanın onlarla qalibi müəyyən edilib. Birinci turun nəticələrinə görə Bakı, Gəncə, Mingəçevir, Şirvan şəhərlərini, Lənkaran, İsmayıllı, Biləsuvar, Qax rayonlarından olan məktəblilərin daha yüksək fəallığını qeyd etmək lazımdır - bu şəhər və rayonlardan 805 nəfər bilik yarıçmasında iştirak edib. Olimpiadanın növbəti on-layn (qiyabi) turları 9 və 16 aprel tarixlərində saat 12.00-13.00-dək keçiriləcək. Üç on-layn turda ən yüksək nəticələr göstərənlər, yəni 10 məsələdən azı səkkizini düzgün həll edənlər "İstedadlar laboratoriyasının" əyani (Final) tura vəsiqə qazanacaqdır. Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Final tura online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənclər dəvət ediləcəkdir.