Binəqədidə Milli Qəhrəman Fərhad Hümbətovun anım mərasimi keçirilib
4 Aprel 2016 15:14 SosialBinəqədi rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respubliasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər və orta təhsil, səhiyyə və digər müəssisələr, İctimai birliklər, rayon ziyalıları, ağsaqqalları, İctimai şuranın üzvləri, YAP Binəqədi rayon təşkilatının fəalları və gənclər iştirak ediblər. Tədbirdən öncə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Qəhrəmanın anası Salatın Hümbətova, hüquq-mühafizə orqanlarının rəhbərləri Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri qoymuşdurlar. Sonra tədbiri açıq elan edilib və Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirdi. Natiq şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına diqqət çəkərək bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını bildirib. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı da Rayon İcra Hakimiyyətinin başçısı əminliklə vurğulayıb.