Təhsil naziri yaralı məktəbli ilə görüşüb

Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb. Həmçinin, təhsil naziri Ağdam, Tərtər və Füzuli rayon təhsil şöbələrinin müdirləri ilə görüşüb. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində qeyd olunan rayonlarda zərər görmüş təhsil müəssisələri, bununla əlaqədar tədris prosesinin pozulması halları barədə nazirə məlumat verilib. Təhsil naziri düşmənin atəşi nəticəsində zərər görmüş təhsil müəssisələrinin qısa zamanda bərpa edilməsi məsələsinin diqqət mərkəzində olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00