Osteoporozdan necə qoruna bilərik? - HƏKİM MƏSLƏHƏTİ

Osteoporoz sümük kütləsinin azalması ilə gedən və sonunda sümük sınıqları ilə nəticələnən metabolik xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 50 yaşından yuxarı hər iki qadından və üç kişidən biri bu xəstəlikdən əziyyət çəkir. Məlum olduğu kimi 25-30 yaşa qədər sümüklərdə sümükləşmə tam başa çatır və sümüklər özünün ən ağır çəkisini əldə edir. Lakin 40 yaşından sonra sümüklər öz çəkisini itirməyə başlayır. Belə ki, sümüklər kişilərdə il ərzində öz çəkisinin 1%-ni, qadınlarda isə 1-4%-ni itirir. Onu da qeyd etməliyik ki, klimakterik dövr, bəzi dərman preparatları ilə uzunmüddətli müalicələr, müxtəlif xəstəliklər zamanı sümüklərin çəki itirməsi il ərzində 5%-ə qədər çata bilər. Nəticədə sümüklər möhkəmliyini itirir və kövrəkləşir. Bu proses osteoporoz adlanır.

Endokrinoloq Nadirə Ağazadənin Aile.lent.az-a bildirdiyinə görə, osteoporoza ən çox menopauza sonrası qadınlarda rast gəlinir. Bununla yanaşı osteoporoza səbəb olan risk faktorları da var. Risk faktorları sırasında qəbul edilən dərmanlar (kortizon, tiroid hormonlar, heparin, antiepileptik dermanlar və s.), spirtli içki, siqaret, kofein, kalsium və D vitamini əskikliyi, hərəkətsizlik, fiziki aktivliyin az olması, endokrin xəstəliklər, 5 il ərzində 3 sm-dən çox boy qısalması olan xəstələr, 3 ən çox doğuşu olan və 1 ildən çox süd verən qadınlar, öncədən sümük sınıqları olan xəstələr var.

Həkim deyir ki, 50% hallarda osteoporoz heç bir şikayət verməyə bilər, ilk sınıqlar minimal cüzi travmalardan belə, ola bilir. Bel və digər sümüklərdə gedən xroniki ağrılar, boyun qısalması, qozbel olma xəstələri daha çox narahat edir. Xəstədə öncədən bir sınığın olması sonrakı sınıqların olma riskini 5 dəfə artırır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün 65 yaşdan yuxarı və ya ən az bir risk faktoru daşıyan, erkən menopauzaya girən, yanaşı digər endokrin xəstəlikləri olan qadınlar osteoporoz riskinə görə mütləq müayinələrdən keçməlidirlər.

Osteoporozdan necə qoruna bilərik?

Osteoparozdan qorunma uşaqlıq çağından başlamalı və yaşam boyunca davam etdirilməlidir. Körpəlikdən düzgün qidalanma, yaş artdıqca isə idmanla məşğul olma, siqaretin tərgidilməsi, spirtli içkilərin azaldılması, sutkalıq kalsium və D vitamininin yetərli miqdarda alınması və vaxtında başlanılmış dərman müalicəsi sümük sınıqlarının qarşısını alaraq, yaşama göstəricisini artıracaqdır. Eyni zamanda bol günəş enerjisi qəbul etmək lazımdır.

Osteoporozun profilaktikası üçün hər gün süd və süd məhsulları, kalsiumla zəngin olan qidalar - mal əti, qoz, üzüm, şüyüd, cəfəri, şomu, lobya, brokoli, soya, kələm, portağal, tomat suyu və s. qəbul edilməsi məsləhət görülür.

Osteoporozun erkən və düzgün müalicəsindən sonra yaxşılaşma və prosesin dayanmasına nail olmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00