Coğrafiya İnstituti: Azərbaycan inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşir
1 Aprel 2016 17:02 SosialAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunda Fövqəladə hallar atlası tərtibinin müzakirəsi keçirilib. Coğrafiya İnstitutundan bildirilib ki, elmi şuranın iclasında institutun direktoru, akademik Ramiz Məmmədov bu sərəncamın icrası və Fövqəladə Hallar Atlasının hazırlanması haqqında iclas iştirakçılarına geniş məlumat verib. O, Azərbaycanın inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşdiyini, bu amillərin qarşılıqlı təsirinin ildən-ilə fəallaşmasının nəticəsində sel, daşqın, zəlzələ, sürüşmə, quraqlıq, yanğın və digər bu kimi təbii-dağıdıcı hadisə və proseslərin ekoloji mühitə təsirinin artdığını diqqətə çatdırıb. Bu baxımdan Atlasın yaranmasının zəruriliyini xüsusi qeyd edən akademik onun redaksiya heyəti, icraçıları, məqsəd və vəzifələri, xəritələrin siyahısı, tədqiqatın metod və vasitələri, gözlənilən nəticələr və s. haqqında geniş söhbət açıb. Alim Atlasın hazırlanması üçün 200-dən artıq xəritənin tərtibinə ehtiyac olduğunu diqqətə çatdırıb.
İclasda hazırlanacaq xəritələrin sahələr üzrə bölgüsü aparılıb.