Əflatun Amaşov seçicilərlə görüşdü
1 Aprel 2016 15:33 SosialAzərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov martın 31-də təmsil etdiyi 62 saylı Saatlı seçki dairəsinin seçiciləri ilə görüşüb. Deputat görüşdən öncə 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü münasibəti ilə Saatlı rayonunun şəhidlər xiyabanında düzənlənmiş mərasimdə iştirak edib.
Mərasimi giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq Azərbaycan xalqına qarşı tarixin müxtəlif dövrlərində soyqırımı siyasətinin həyata keçirildiyini bildirib, konkret faktlar üzərində dayanıb. O, tarixi faciələrimizə layiqli hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. S.Cabbarov Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində mühüm addımlar atdığını da bildirib.
Ə.Amaşov çıxışında ermənilərin ötən əsrin əvvəllərində Bakıda törətdikləri qırğınların Cənubi Qafqazda müsəlman-türk varlığına son qoymağa hesablandığını diqqətə çatdırıb. Bu siyasətin təzahür formalarının sonrakı mərhələlərdə də nəzərə çarpdığını deyən deputat tarixdə yaşananlardan nəticə çıxarmağın vacibliyini əsaslandırıb. Bu baxımdan soyqırımla bağlı təbliğat işlərinin gücləndirilməsi, həmçinin miqyasının daha da genişləndirilməsi zərurətini ön plana çəkib.
İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli çıxışında gənc nəslin mənəvi tərbiyəsi baxımından tarixi yaddaşımızla bağlı tədbirlərin təşkilinin əhəmiyyətindən söz açıb.
Seçicilərlə Saatlı rayon Gənclər Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı S.Cabbarov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər şəxsləri də iştirak ediblər.
Görüşdə həmçinin ayrı-ayrı vətəndaşların üzləşdikləri problemlər öyrənilib, çətinliklərin aradan qaldırılması yolları ətrafında müzakirələr aparılıb. Xüsusən kiçik və orta sahibkarlığın inkişafına, rayonda və kəndlərdə kənd təsərrüfatıtın inkişafına dair təkliflər qruplaşdırılıb.