“ Mətbuatda qərəzli və sifarişli yazılar baş alıb gedir”
1 Aprel 2016 15:21 Sosial"Son zamanlar mətbuatda məhkəmələrin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar gedir ki, bu da cəmiyyətdə çaşqınlıq yaradır. Əslində isə hakimlərin məqsədi ədalətli qərar qəbul etmək, kütləvi informasiya vasitələrinin vəzifəsi isə ictimaiyyətə qərəzsiz məlumatı çatdırmaqdır". Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev aprelin 1-də keçirdiyi mətbuat konfransında deyib. Əlavə edib ki, bəzən mətbuatda məlumatlar məhkəmə istintaqı başa çatmamış, məhkəmə qərarı olmadan verilir ki, bu da ədalət mühakiməsinin qərəzsizliyini təhlükə altına qoyur. Odur ki, jurnalistlər hakimlərin informasiya verməmək hüququna hörmətlə yanaşmalı və onların nüfuzuna xələl gətirən informasiya yaymaqdan çəkinməlidirlər: "Düzdür, hakimlər jurnalistləri hüquqi əsaslara söykənən informasiya ilə təmin etməlidirlər. Əks halda informasiyalar birtərəfli qaydada verilər. Ancaq o da nəzərə alınmalıdır ki, qeyri-peşəkar tənqid ədalət mühakiməsinin nüfuzuna kölgə salır". R.Rzayev bildirib ki, jurnalistlərin məlumat almasını asanlaşdırmaq məqsədilə iki spiker hakim müəyyən edilib, Ali Məhkəmənin internet saytı istifadəyə verilib, mətbuat xidməti fəaliyyət göstərir: "Bu işi daha da asanlaşdırmaq məqsədilə layihə hazırlanaraq aidiyyati quruma təqdim edilib. Deməzdim ki, məhkəmələrdə qüsur yoxdur. Ancaq yaxşı olardı ki, KİV-in bu sahədə tənqidi ədalətli və qərəzsiz olsun. Daha doğrusu, məlumatlar məhkəmə qərarlarından sonra verilsin. Reallıqda isə qərəzli və sifarişli yazılar mətbuatda baş alıb gedir. Bəzən elə informasiyalar verilir ki, onun heç bir hüququ əsası yoxdur. Bu baxımdan hesab edirik ki, jurnalistlərin hüquqi maarifləndirilməsinə ehtiyac var". R.Rzayev onu da bildirib ki, 2015-ci ildə Prezident İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb, elektron məhkəməyə keçidin təmin olunması məqsədilə AM-də elektron sənəd dövriyyəsi sistemi yeniləşdirilib: "Son illər 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib, 11 məhkəmə üçün yeni binalara tikilərək istifadəyə verilib, bir o qədər də inşaa olunmaqdadır. Bu bunalarda vətəndaşların rahatlığı məqsədilə hər cür imkanların yaradılması korrupsiya şəraitini aradan qaldırır". Onun sözlərinə görə, ədalət mühakiməsini həyata keçirən hakimlər qanunlara dürüst əməml etməli, məhkəmələrin cəmiyyətdə nüfuzunun artmasına , məhkəmələrə inamın yüksəlməsinə nail olmalıdırlar: "Məhkəmə proseslərinin şəffaf, qərarların isə ədalətli olması əsas şərtdir. Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır". Onun sözlərinə görə, insanlar hüquqlarının məhkəmələrdə müdafiəsinə üstünlük verirlər. Məhz bu səbədən məhkəməlrdə baxılan işlərin sayı xeyli artıb. 2015-ci ildə Ali Məhkəmənin kollegiyalarının fəaliyyətində nəzərəçarpacaq dərəcədə irəliləyiş olub. Mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında baxılmış işlərin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə AM-də 2014-cü ildə 8668 işə baxılmışdırsa, 2015-ci ildə bu rəqəm 9404 olib. Bu isə o deməkdir ki, baxılan işlərin sayı bir il ərzində 8,5 faiz artıb. Baxılan işlərin artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb. Həmçinin AM-də vətəndaşların ərizə və şikayətlərinə baxılmasına, onların hüququi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb.
Alim