Əmək Nazirliyi Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri təqdim edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Biləsuvar rayonunda inşa olunmuş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim olunub. Ailə üzvlərinin sayına uyğun olaraq hər biri üçotaqlı olan evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Evlərin təqdim olunması zamanı Prezident cənab İlham Əliyevin respublikamızın uzunmüddətli inkişafına yönələn uğurlu siyasətinin mərkəzində məhz ölkə vətəndaşının rifah halının yüksəldilməsi prinsipinin dayandığı vurğulanıb. Azərbaycanda həyata keçirilən sosial siyasətdə müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin mühüm yer tutduğu önə çəkilərək, onların maddi təminatlarının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatına xidmət edən tədbirlərin daha geniş vüsət almasına səbəb olub. Keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və respublikamızın bölgələri üzrə ümumilikdə 360 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir etdirilməsi işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00