Belə-belə işlər-Elçin Hüseynbəylidən köşə-Xoşbəxtlərin gülüşü (pritçafason)

Belə-belə işlər

Elçin Hüseynbəyli

Xoşbəxtlərin gülüşü
(pritçafason)

Elgünəşi vəzifəyə qoymuşdular. Adı kimi vəzifəsi də vardı. Özü də şəhərdə yaşayırdı. Adı ona babası qoymuşdu: El və Günəş. Yəni təzə dünyaya gələn bu körpə elinin üzünə günəş kimi doğacaqdı. Elgünəşi vəzifəyə qoyanda buna ən çox şeşəbığ babası sevinmişdi: "Gördünüz!? Demişdim axı, böyüyəndə yekə adam olajax!!!" Evdə də hamı fikirləşirdi ki, bundan sonra kasıblığın daşını atacaqlar. "O boyda İdarə zarafatdı?" Elgünəşin anası belə demişdi və bu zaman gəlinin üzündə, yəni Elgünəşin arvadının üzündə sevinc parıltıları əməlli-başlı görünmüşdü, görünmüşdü nədi e, qonşulara da bu işıqdan nəsə düşmüşdü. Körpə uşaqları işin mahiyyətindən baş açmasalar da, doyunca atılıb düşmüşdülər.
Qonum-qonşu, tanış-biliş, çoxdan gözə dəyməyən qohum-əqrəba da Elgünəşə və arvadına gözaydınlığı vermişdilər.
İşə çıxan günü Elgünəş təzə kostyum da geyinmişdi. Dərzi Abbasəlidə tikdirdiyi boz rəngli pencək-şalvar onun rəngini açırdı. Saçı təzə-təzə ağarırdı və ona xüsusi yaraşıq verirdi.
Xoşbəxtilk xoşbəxtlik dalınca gəlirdi. İşə çıxdığının birinci həftəsi onların evinə uzaq kənddən pay da gəlmişdi, balaca oğluna foto-aparat da bağışlayan olmuşdu.
Hamı onu əziz tuturdu. Özü şəhərdə yaşasa da, kəndlərindəki xeyir-şər onsuz ötüşməzdi. Gün, sanki, indi onun üzünə doğmuşdu, ay onun alnında donmuşdu...
Anası və arvadı növbə ilə hər səhər-axşam onun başına duz hərləməkdən yorulmurdular. Babası və atası da bu mənzərədən həzz alırdı.
Amma bu sevinc uzun çəkmədi. Qonum-qonşunun, qohum-əqrəbanın ona xahişləri günü-gündən artırdı. Bəzən elə olurdu ki, uzaq kənddən tökülüşüb gələn uzaq qohumlar günlərlə onlarda gecələyirdilər. Bir sözlə, ev olmuşdu karvansara. Amma geri çəkilmək də mümkün deyildi. Onlara nə deyəsən, hara qovasan? Bu qədər ad-san qazanasan və bir gündə onları itirəsən? Adama nə deyərlər!?
Elgünəşin səbr kasası yaxın bir qohumunun toyunda daşıb töküldü. Toyda yeyib-içdiyi də burnundan gəldi. Halbuki hər şey çox yaxşı başlamışdı. Hərə bir tərəfdən Elgünəşdən pul istədi. Kəndlərinin o başında yaşamış həmkəndlisi onun boynunu qucaqladı və dedi ki, o günü telvizorda göstərəndə ailə üzvləri bir-bir teleekrandan onun üzündən öpüblər. Sonra da əlinin aşağı olduğunu deyib bir onluq qopardı.
Əlqərəz Elgünəş pulunun hamısını payladı, toya nəmər salmağa pulu qalmadı. Arvadının boyunbağını boğazından açıb gəlinə hədiyyə elədi...
Şəhərə qayıtdı və səhərisi günü o yekəlikdə idarədən çıxıb başqasına düzəldi.
Arvadı dedi ki, qonşuların üzünə necə baxacağıq, biabır olduq.
Elgünəş cavab verdi ki, xoşbəxtlik vəzifədə yox, qəlb rahatlığındadı...
-Bəs mənim boyunbağım? -arvadı soruşdu.
-Ya təzəsini alarıq, ya da gəlinə pul verib geri istəyərik, -Elgünəş belə dedi və ürəkdən güldü.
Arvadı da ona qoşulub qəşş elədi. Hələ dünyada ürəkdən gülən belə cütlük olmamışdı, bəlkə də olmuşdu e, amma belə şaqraq səsi çıxmamışdı...
Ata-anası və babası necə oldu? Onlar kənddə qalmışdılar...
Mart-aprel 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00