Çılçıraqlar hansı fəsadlar törədə bilər?

Bu malların istifadəsi istehlakçıların həyatı üçün təhlükə yaradır

İnsanların həyat səviyyəsinin sürətlə yaxşılaşdığı ölkəmizdə müxtəlif tipli çilçıraqların satışı durmadan artmaqdadır. Demək olar ki, hazırda bütün mənzillərdə çılçıraqdan istifadə olunur. Lakin istehlakçılar heç də onların keyfiyyətindən həmişə razı qalmır. Səbəb isə ticarət şəbəkəsində üzərində istehsalçı müəssisə, standartlara uyğunluğu barədə heç bir məlumat göstərilməməsi və mənşəyi bəlli olmayan müxtəlif çeşidli çilçıraqların olmasıdır. Məlumat üçün qeyd edək ki, ölkəmizə çılçıraqlar Rusiya, Türkiyə, Dubay və Çindən gətirilir. Üstəlik yerli istehsal məhsullar da xarici brendlər adından təqdim olunur. Bu növ məhsulların keyfiyyətsiz xammalrdan hazırlanması heç kimə sirr deyil. Məhz bunun nəticəsidir ki, yeni alınan çılçıraqların böyük əksəriyyəti bir neçə işıq lampasına davam gətirmir. Halbuki müasir çılçıraqlar 10-20 lampa üçün nəzərdə tutulur. Üstəlik müasir texnologiyaların inkişafı dizaynerlərə daha çox möhtəşəm əşyalar hazırlamağa imkan verdiyindən dizayn şirkətləri görünüşü, "rəqsi", işıq effekti ilə heyrətləndirən, pultla idarə olunan, istənilən musiqini yerlşdirmək imkanı olan çılçıraq istehsalına üstünlük verirlər. Bu kimi malların satışı və istifadəsi isə şübhəsiz ki, istehlakçıların həyatı və təhlükəsizliyi baxımından diqqət çəkir. İstehlakçıların bu malların alınması zamanı fikir verilməli olan məsələlər barədə kifayyət qədər məlumatlı olmaması satıcılar tərəfindən onların aldadılmasına şərait yaradır. Ona görə də çilçıraq alarkən nəyə diqqət edilməsi ilə bağlı bəzi məlumatları istehlakçıların nəzərinə çatdırılması zəruri məslədir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, çilçıraq otağı işıqlandırmaq məqsədilə tavandan asılan mühüm bir ev aksesuarıdır və xüsusi əhəmiyyətə malikdirlər. Çilçıraq seçərkən daha çox onun hansı materialdan hazırlanmasına, həcm və rənginə, otağın dizaynına uyğunluğuna, qiymətinə və s. diqqət yetirilməlidir.Çilçıraqlar əsasən kristal və şüşədən hazırlanırlar. Kristaldan olanlar daha qiymətlidirlər və yanarkən otağa xüsusi təmtəraq verirlər. Şüşədən olanlar nisbətən ucuz olsalar da heç də sönük təsir bağışlamırlar. Çilçıraqlar klassik və tavan formalı olurlar. Tavan formalılar boşqab və düz qapaqlı şəklindədirlər. Klassik olanlar isə asılı formada olurlar. Bu variantlardan hər hansı biri seçilərkən ilk növbədə otağın hündürlüyü nəzərə alınmalıdır. Əgər tavan alçaqdırsa ora tavan formalı çilçıraq uyğun gələcəkdir. Əksinə hündür tavanlıdırsa o zaman asılmış formalı klassik çilçırağın əldə edilməsi məsləhətdir. Müasir çilçıraqların lampaları 3 tipdə közərmə, fluoressensiya və halogen formada olurlar. Közərmə formalı lampalar daha klassik və etibarlıdırlar. Onlar ucuz və rəngarəngdirlər. Lakin mənfi xüsusiyyəti faydalı iş əmsalının aşağı olmasıdır. Fluoressensiyalı lampalar isə çox işıqlı və uzunömürlü olurlar. Lakin onlar gözləri ağrıdır. Halogen lampalar isə güclü işıqlı və dəqiq olurlar. Bu tip çilçıraq insanda diskomfort yarada bilər. Bir sıra müasir çilçıraqlar məsafədən idarə ilə təchiz olunur və bu da onlara lampa rejiminə qoşulmağa imkan verir. Qeyd olunanları nəzərə alıb çilçıraq alarkən diqqətli olmaq vacibdir.

Zəmanət talonu tələb edilməlidir

Bildiyimiz kimi hər bir mal normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır. Əgər malların keyfiyyət xüsusiyyətləri və digər əlamətləri onun hazırlanmasında istinad olunan müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə, habelə istehsalçının və ya satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə onda həmin malın saxtalaşdırıldığını iddia etmək mümkündür. İstehlakçı olaraq ticarət oibyektinə daxil olarkən birinci növbədə alınacaq çilçıraqları marka və çeşidinə görə müqayisə edilməlidir. Aparılan müqayisələrdən sonra ehtiyaca ən uyğun olanı seçilməlidir: "Seçim etdikdən sonra bu əşyaların istifadə qaydalarını, sizə verəcəyi faydanı, qüsurlu olub-olmadığını, qiyməti, evə çatdırılması və quraşdırılması barədə məlumatları satıcıdan öyrənin. Bilin ki, mövcud qanunvericiliklə istehlakçının əsas hüquqlarından biri mal haqqında informasiya əldə etməkdən ibarətdir və satıcı həmin məlumatları sizə verməyə borcludur. Bundan əlavə zəmanətlə çilçıraq alarkən onların zəmanət talonunu tələb edin və orda göstərilmiş şərtlərə diqqət yetirməklə bütün vacib məqamların aydınlaşdırılmsına çalışın. Nəzərə alın ki, satışa çıxarılmış bu növ mallar mövcud standartların tələblərinə cavab verməli, etibarlı və davamlı olmalı, istifadə qaydaları barədə kifayət qədər dolğun məlumat olmalıdır". Çilçıraqlar daxildən yüngül materiala bükülmək şərtilə karton qutulara qablaşdırılır. Nəqliyyat tarasında "Sına bilər. Ehtiyatlı olun", "Rütubətdən qoruyun" kimi yazılar qeyd edilə bilər. Qablaşdırıldıqdan sonra çilçıraq markalanmalı və orada aşağıdakı məlumatlar olmalıdır: istehsalçının adı, ünvanı və əlaqə telefonları; əmtəə nişanı; şərti işarəsi; nominal və ya ehtimal olunan gücü (B); nominal tezliyi (Hz); lampaların nominal gücü (Vt) və sair. İstehsalçı istismar şərtlərini gözləməklə məhsulun standartın tələblərinə cavab verdiyinə zəmanət verməlidir. Zəmanət müddəti malın istismara verildiyi gündən başlayaraq 18 ay, plyonka materiallı çilçıraqlar üçün pərakəndə ticarət mərkəzlərindən satıldığı gündən etibarən 24 ay, digərləri üçün isə 30 ay təşkil edir. Çilçıraq əldə etmək istəyərkən ilk öncə otağın sahəsi, hündürlüyü və quruluşu nəzərə alınmalıdır. Daha sonra çilçırağın işıqlandırma gücünə diqqət yetirilməlidir. Yüksək enerjiyə malik çilçıraq əldə edilirsə onun keçidi nizamlayıcı funksiyalara malik olmalıdır. Bununla işığın dərəcəsini lazım gəldikdə artırmaq və ya azaltmaq mümkündür. Malı seçərkən onu diqqətlə nəzərdən keçirin, hər hansı sınıq və ya qüsur olmadığına əmin olun. Məhsul qablaşdırılmış formada ticarət şəbəkəsindən götürülməlidir. Yaxşı olardı ki, bu malları alarkən alqı-satqı müqavilə əsasında həyata keçirilsin. Bu məsələlər nəzərə alındığı təqdirdə gələcəkdə pozulmuş hüquqların təmin olunması mümkündür.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00