ABŞ, Ukrayna və Azərbaycandan olan vokalçılar bir araya gələcəklər

Aprelin 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək C.Puççininin "Madam Batterfly" operasının tamaşasında azərbaycanlı opera sənətçiləri ABŞ və Ukraynadan olan vokal ulduzları ilə birlikdə çıxış edəcəklər. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, ilk dəfə olaraq bu operada Çio-Çio-San partiyasını Cənubi Koreya mənşəli amerikalı vokalçı Sueon Kim ifa edəcəkdir. Sueon Kim dünyanın ən mötəbər teatr və konsert səhnələrində - Nyu-Yorkun Karneqi-holl, Vyananın Müzikfereyn, Tokionun Santori-holl və Honkonqun City-holl kimi saraylarında solo konsertlər və opera tamaşalarında çıxış edib. Vokalçı Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, Çexiya, Nyu-Yorkun "Metropoliten-operası"nda "Kənd namusu", "Traviata", "Don Juan", "Boqema", "Trubadur", "Armida" və s. opera tamaşalarında əsas partiyaları uğurla ifa edir. Tamaşada Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev Pinkerton, Səbinə Vahabzadə isə Suzuki rolunu ifa edəcəklər. Tamaşanın dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00