Rusiyada saxlanılan meyxanaçılar barədə yeni xəbər

Bu günlərdə mətbuatda yayılan məlumata görə, tanınmış meyxanaçı qardaşlar - İntiqam və Ehtiram Rüstəmovlarla yanaşı, Nicat Mənalının da iştirak etdiyi məclisə xüsusi əməliyyat əsasında Rusiya Federal Təhlükəsizik Xidmətinin əməkdaşları basqın edib. "OLAYLAR"-ın xəbərinə görə, məclisdə qonaq olduqlarını deyən meyxana ifaçısı Nicat Mənalı bildirib ki, RFTX əməkdaşları onları şifahi dindiriblər və sənətçi olduqlarına əmin olduqdan sonra heç bir müdaxilə etməyiblər: "Bizi sorğu-sual etdilər. Sənətçi olduğumuzu və məclisdə qonaq qismində iştirak etdiyimizi bildikdən sonra sərbəst buraxdılar. Bizə hörmətlə yanaşdılar. Onlar bizə aidiyyatı olmayan başqa iş üçün gəlmişdilər. İşlərini gördülər və çıxıb getdilər". Sənətçi deyib ki, hansısa tanınmış avtoritetin məclisi olduğunu bilməyib və belə bir hadisənin baş verəcəyini gözləməyib: "Dəvət almışdıq, məclisə qatılmışdıq. Təsadüfən belə bir hadisə baş verdi". "Tanınmış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski ilə dostsunuz və yaxud sizin onunla nə kimi münasibətiniz var?" sualına N.Mənalı cavab olaraq deyib ki, onu Rusiyada yaşayan azərbaycanlılara dəstək olan insan kimi tanıyır və bu səbəbdən Rövşən üçün qəlbimdən gələn "Oğru Rövşən" adlı mahnı da bəstələyib. Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb ediliblər. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00