Tariflərə endirim tətbiq edilir
1 Aprel 2016 11:29 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbərliyi ölkəmizin ərazisindən keçən tranzit nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, bu dəhlizlərə əlavə yük axınının cəlb olunması, çevik və şəffaf tarif siyasətinin gerçəkləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görür. "OLAYLAR"-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, həmin tədbirlərin davamı olaraq, martın 31-dən etibarən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə avtomobil daşımaları tariflərinə 20% endirim tətbiq edilir. Belə ki, 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1072 ABŞ dolları həcmindədir. Əgər sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 2144 ABŞ dolları deyil, 1716 ABŞ dolları olacaq. Bu məbləğə sürücünün öz bileti
də daxildir. Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib (proporsional) qaydada
hesablanacaq.
Xatırladırıq ki, ötən ilin dekabrında Bakı-Aktau-Bakı xəttində də avtomobil daşımalarına 20%-ə qədər endirim tətbiq edilmişdi.