UNEC-in əcnəbi tələbələri 31 Mart soyqırımına həsr olunan videoçarx hazırlayıb
31 Mart 2016 17:30 SosialMartın 31-də UNEC-də 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, 31 Mart soyqırımı xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanında bu hadisələrə siyasi qiymət verilib və ilk dəfə olaraq xalqımızın ermənilər tərəfindən soyqırıma məruz qaldığı rəsmi surətdə bəyan edilib: "Biz gənclərdə möhkəm milli yaddaş formalaşdırmalı və düşmənə münasibətdə onlara nümunə olmalıyıq". Rektor bildirib ki, Azərbaycan xalqı, xüsusilə gənclər qanlı tarixi unutmamalı, bu dəhşətləri törədənlərə qarşı mübariz ruhda böyüməlidir. AMEA-nın əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi "1918-ci il Azərbaycanlıların soyqırımı: mahiyyəti, miqyası, nəticələri" adlı təqdimatla çıxış edərək erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlərdən söz açıb. Sonda UNEC-in əcnəbi tələbələrinin 31 Mart soyqırımına həsr etdikləri videoçarx nümayiş etdirilib. Videoçarxda əcnəbi tələbələr soyqırım faktlarını sadalayıb, erməni vəhşiliklərini pisləyiblər.