Yaxın dövrdə manatın məzənnəsində yumşalmanın baş verməsi gözlənilən deyil
31 Mart 2016 16:41 SosialSon günlər dollar manata nisbətən öz dəyərini itirməyə başlayıb. Bəzi mütəxəssislərin gözləntilərinin əksinə, manatın ucuzlaşması əvəzinə dollar ucuzlaşmağa başladı. Buna səbəb nədir? "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov "OLAYLAR"-a verdiyi açıqlamada bildirib ki, ortada bir neçə əsas səbəb var: "Son günlər əhali daha çox dollar satmağa başlayıb. Manatın keçən ilin dekabr ayında baş vermiş kəskin ucuzlaşması ərəfəsində və ondan sonrakı dövrdə yaranmış təşviş vəziyyətdə son manatlarını da dollara çevirənlər, son günlər başqa çıxış yolu tapmayıb, yenidən həmən dolları manata çevirməyə üz tutublar. Çünkü ölkə daxilində alış-veriş etmək üçün hər kəsə manat lazımdır. Belə olan halda manata olan təlabat artmağa başlayıb. Digər tərəfdən, gözləntilərin əksinə olaraq ABŞ-ın Federal Ehtiyat Sistemi son dəfə uçot dərəcəsini artırmadı, neftin qiymətləri isə qısa zaman kəsiyində 40%-ə qədər bahalaşdı. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu günə Mərkəzi Bank dövriyyədə manat kütləsini minimum həddə qədər azaldıb və bazarda onun çatışmazlığı hiss olunur. Manatın məzənnəsində baş verən müsbət dəyişikliklərin əsas səbəbləri də bunlardan ibarətdir". Fikrət Yusifov deyir ki, yaxın dövrdə manatın məzənnəsində yumşalmanın baş verməsi gözlənilən deyil.