BDU tələbələri 31 mart - Azərbaycanlıların Soyqırım günü ilə bağlı anım tədbiri keçiriblər

Tədbiri giriş sözü ilə açan BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Daşqın Qənbərov mart qətliamı ilə bağlı geniş məlumat verib və əsrlər boyu ermənilər və onların havadarları tərəfindən xalqımızın başına gətirilən bu kimi faciələrin səbəblərini tarixi proseslər fonunda izah etməklə həmin faciələrin bir daha yaşanmaması üçün unutqan olmamağımız, davamlı olaraq güclü dövlətə sahib olmağımızın zəruriliyini önə çəkib. O, soyqırım faktorunun ümumbəşəri bəla olduğunu bildirərək, azərbaycanlıların əsrlər boyu bu kimi vandalizm aktlarına məruz qaldığını gənclərin nəzərə çatdırıb.D.Qənbərov həmçinin Ümummili Lider Heydər Əliyevin 1918-ci il martın 31-də xalqımızın məruz qaldığı soyqırım aktına siyasi-hüquqi qiymət verilməsi haqqında 26 mart 1998-ci il tarixli fərmanını xatırladaraq, sözü gedən sənədin soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tədbirdə çıxış edən BDU THİK-nin sədr müavini Eltac Cəbiyev bildirib ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, 1918-ci ildə də ermənilər Azərbaycan xalqına qarşı torpaq iddiası irəli sürərək soyqırım törədiblər. Bu cür tarixi faktlar yalnız ildönümləri zamanı deyil, adi günlərdə də, hər zaman yad edilməlidir. Bu zaman əsas məsuliyyət bizim - gənclərin üzərinə düşür. Çünki bu günün gənci gələcəkdə ölkənin aparıcı qüvvəsidir. Tədbirdə universitetin aktiv tələbələri və BDU THİK-nin fəakültə nümayəndələri iştirak ediblər. Tədbirin sonunda tələbə fəallara Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00