Baş konsul Ağayarın “sxodkası”ına basqın haqda: “Gecə bizə siqnal daxil oldu...”

Azərbaycanın Yekatrinburqdakı baş konsulu Sultan Qasımov ötən gecə bu şəhərdə "kriminal sxodka"ya toplaşan 200-dən çox azərbaycanlının saxlanılmasını nəhayət şərh edib. Virtualaz.org xəbər verir ki, konsul TASS-a açıqlamasında saxlanılanların artıq sərbəst buraxıldıqlarnı deyib. "Ötən gecə 250 Azərbaycan vətəndaşının Yekatrinburqdakı kafelərdən birində saxlanıldığı haqda siqnal daxil oldu. Mənə dedilər ki, saxlanılanlar arasında qadınlar və uşaqlar da var. Mən saxlanılanların aparıldığı polis bölməsində getdim, baş verənlərin səbəblərini araşdırmağa çalışdım. Xoşbəxtlikdən polis bölməsində saxlanılanlar arasında qadın və uşaqlar yox idi. Ancaq kişilər idi-Azərbaycan sakinləri. Onların da çoxunun Rusiya vətəndaşlığı var. Saxlanılanların arasında nə qədər Azərbaycan vətəndaşı olduğunu mən sabah öyrənəcəm. Mənim informasiyama görə onlar artıq buraxılıblar"-baş konsul deyib. Sultan Qasımov bildirib ki, hüquq-mühafizə orqanları savadlı işləyiblər. Diplomatik nümayəndəliyin onlara iradı yoxdur. "Biz həmişə öz vətəndaşlarımızla izahat işi aparırıq ki, Rusiya qanunlarını oxusunlar və əməl etsinlər"-konsul bildirib. Hadisənin iştirakçılarından olan iş adamı Mehman Ağamuradov  isə APA-ya bildirib ki, hadisə martın 30-da saat 21:00 radələrində baş verib. Polis  aralarında qadın və uşaq da olmaqla, 100-ə yaxın azərbaycanlını saxlayıb. Onların arasında Azərbaycandan dəvət edilmiş tanınmış meyxanaçılar Ehtiram və İntiqam Rüstəmov qardaşları da olub. M. Ağamuradov deyib ki, şəhərdə yaşayan azərbaycanlıların - təxminən 160 nəfərin iştirak etdiyi məclis Ağayar Ağayev adlı iş adamının yubileyinə həsr olunub: "Hər hansı problem və ya narahatlıq yox idi. Məclisin ortasında qəflətən pəncərədən və qapıdan xüsusi təyinatlılar bizə hücum etdilər. Hər tərəfi dağıdıb, qadın-uşaq qarışıq, əllərimizi bağlayaraq yerə yıxdılar. 100-ə yaxın azərbaycanlını, mən də daxil olmaqla, polis idarəsinə apardılar. Səhərədək saxlayıb, sonra sərbəst buraxdılar. Heç bir səbəb də göstərmədilər. Sadəcə, saxlanılanları səhərə qədər beş-beş, on-on sərbəst buraxaraq dedilər ki, gedə bilərsiniz. İndiyə qədər belə bir şey olmamışdı". Digər məlumatlara görə "sxodka" şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən "Qulyaki" kafesində keçirilirmiş. İddia olunur ki, tanımış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna "nəzarətçi" kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub. Mərasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir və bu sırada Perveuralskdan gəlmiş Əli adlı "qanuni oğru", Vaqif (Kamışlovo), "Yuqra Cavanşir" və digər avtoritetlərin adı çəkilir. A. Ağayev ad gününü təntənəli keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Ehtiram və İntiqam Rüstəmov qardaşlarından başqa, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə "Oqni Baku" qrupu da dəvətli olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00