“Azəravtoyol” Bakı-Şamaxı-Yevlax yolunda baş verən sürüşməyə aydınlıq gətirdi

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmənin qarşısı alınması xəbəri ilə bağlı yanlışlığa yol verilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yayıb. Bildirilib ki, sürüşmənin qarşısı sözügedən avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində deyil, 106-cı kilometrliyində alınıb: "Bilirsiniz ki, həmin ərazidə martın 25-də sürüşmə baş vermişdi və yamacda olan torpaq qatı yola doğru hərəkət edərək, yolkənarına tökülürdü. Dərhal həmin əraziyə əməkdaşlarımız və lazımi texnika cəlb olundu. Dayanmadan aparılan işlər nəticəsində sürüşmənin qarşısını hələlik almaq mümkün olub. Bu günlər ərzində gecə-gündüz xüsusi texnikalar vasitəsi ilə sürüşüb yola doğru gələn torpaq qatı çıxarılaraq kənara daşınıb. Təqribən həmin ərazidən 6-7 min kub torpaq daşınıb, Bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb. Hazırda ərazidə hazırda sürüşmə müşahidə olunmur. O ki, qaldı Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsinə orda sürüşmə və çökmə hadisəsi qeydə alınmışdı. Həmin ərazidə çökmüş ərazi bərpa olunub, sürüşmənin təkrarlanacağı təqdirdə avtomobil yoluna ziyan vurmasın deyə qabaqlayıcı tədbirlər görülür və bu istiqamətdə işlər hazırda da davam etdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00