Suraxanıda Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
31 Mart 2016 13:40 SosialSuraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə "31 mart Azərbaycanlıların Soyqırımı Günü" qeyd edilib. "OLAYLAR"-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvlərinin, YAP Suraxanı rayon təşkilatının fəallarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Rayonda "31 mart Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bildirib ki, bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. İlqar Abbasov deyib ki, mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub. Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edib.