"Azərbaycan – multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?”

Bu bir danılmaz faktdır ki, tarixən Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin və xalqların nümayəndələri də bizimlə birgə, bərabər, yaşayıb, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini və milli inanclarını icra ediblər. Tarixin müxtəlif dövrlərində ölkəmizdə qeyri-İslam dinindən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və bu gün də onlar öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycan Respublikasında əhalinin 96 faizini müsəlmanlar, yerdə qalan hissəsini isə digər dinlərin mənsubları təşkil edirlər. Hər kəsə bəllidir ki, Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Dövlətin konfessiyalara münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur.

Multukulturalizm ənənələrinə malik ölkə

Ölkəmizdə qeydiyyatdan keçməklə fəaliyyət göstərən dini icmalarınn fəaliyyətinin dəstəklənməsi, onların ictimai həyatın bir parçası kimi cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin görülməsinin fonunda bunu aydın şəkildə müşahidə etmək olar. Son statistik göstəricilərə əsasən ölkədə 649 dini icma qeydiyyatdan keçib ki, onlardan 24-ü, yaxud 3.7 faizi qeyri-İslam təmayüllüdür. Elə bu səbəblərdən dolayı Azərbaycan dünyada birmənalı olaraq tolerant ölkə kimi tanınır. Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda Azərbaycanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Bu mənada Azərbaycan multikulturalizm ənənələrinə malik bir ölkə kimi də xarakterizə edilir. Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız çoxsaylı amillər mövcud olub. Heç şübhəsiz ki, multikultural münasibətlərin davamlılığı, onun hazırkı inkişafı birbaşa dövlət dəstəyindən qaynaqlanır. Qətiyyətlə demək olar ki, Azərbaycanda multukultural mühitin formalaşması və inkişaf etdirilməsi siyasəti hər zaman dövlət tərəfindən də diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müntəzəm olaraq məqsədyönlü addımlar atılır. Azərbaycan dövləti günümzdə deyil, hələ müstəqilliyin ilk illərindən dünyaya tolerantlıq nümunəsi, multukultural ənənələr nümayiş etdirib. Zamanında Roma Papası II İohan Pavelin Azərbaycana səfər etməsi məhz ölkəmizin tolerantlıq siyasəti və multukultural ənənələrinə verdiyi qiymətin bariz nümunəsi idi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikada multikultural mühitin möhkəmlənməsi, həmçinin tolerantlıq ənənələrinin güclənməsinə də öz töhfələrini verir. Bu gün Prezident İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar davamlı xarakter daşıyır. Məlumat üçün qeyd edək ki, məhz dövlət başçısının bir neçə il əvvəl imzaladığı sərəncam əsasında Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bütün bunlarla paralel olaraq Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında 2016-ci il Azərbaycanda "Multukulturalizm İli" elan edilib. Məhz bütün bu xüsusiyyətlərə görə, bu gün ölkəmizə qarşı ikili standartlar prizmasından yanaşan ölkələr belə Azərbaycanda multikultural mühitin mövcudluğunu inkar edə bilmirlər. Hətta Azərbaycanın ortaya qoyduğu bu ənənə dünya üçün nümunə kimi göstərilir. Elə bir müddət əvvəl dini məzhəbindən asılı olmayaraq Azərbaycan dindarlarının Bakıda vəhdət namazı qılması da belə nümunələrdən sayıla bilər.

Dünya ölkələri üçün nümunə

Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə də özünü göstərir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha da aktuallıq kəsb edib. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, Azərbaycan dövləti səviyyəsində davamlı olaraq multukultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə töhfələr verilir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın multukulturalizm modeli bir örnək kimi həm regional müstəvidə, həm də beynəlxalq arenada tətbiq edilməlidir. Şübhə yoxdur ki, Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsi qısa zaman ərzində dünya ölkələri üçün nümunəvi örnək olacaq. Çünki bu örnək, nümunə dünyaya yalnız və yalnız sülh, əminamanlıq vəd edir. Elə qeyd edilən səbəblərdəndir ki, Azərbaycan son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Bu baxımdan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi qərarı da adıçəkilən nüfuzlu beynəlxalq təşkilat və onun üzvü olan ölkələrin bir növ multukultural dəyərlərə, ən əsası Azərbaycanda elan edilmiş "Multukulturalizm İli"nə bir töhfəsi kimi də səciyyələndirilə bilər. Məlum olduğu kimi cari il, aprel ayının 25-27-si tarixlərində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək. Bununla bağlı ölkə Prezidentinin sərəncamı ilə artıq Təşkilat Komitəsi də yaradılıb. Müxtəlif dövlət qurumlarının təmsil olunduğu Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Aprelin 25-dən 27-dək keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ölkəmiz yüksək səviyyədə hazırlaşır. Foruma hazırlıq prosesi son mərhələyə qədəm qoyub. Belə bir mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunu bir daha sübut edir. Elə BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saad da hesab edir ki, Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycandan dünyaya daha bir mesaj olacaq.

Azərbaycanın nüfuzunun göstəricisi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da deyir ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi qərarı Azərbaycana olan etimadın, inamın göstəricisidir. Dövlət Komitəsinin rəsmisi bildirib ki, Azərbaycan dinlərarası dialoqun, tolerant və multikultural dəyərlərin beynəlxalq aləmdə təbliği və təşviqi istiqamətində ötən əsrin 90-cı illərindən etibarən ardıcıl, uğurlu siyasət aparır: "Bu siyasəti zaman etibarı ilə iki dövrə bölmək olar. Ötən əsrin 90-cı illərindən 2000-ci ilin əvvəllərinə qədər olan dövr və ondan sonrakı dövr. Azərbaycan birinci dövrdə beynəlxalq aləmdə dinlərarası dialoqun, tolerant və multikultural dəyərlərin təbliği və təşviqi istiqamətində gedən proseslərin aktiv iştirakçısı idi. İkinci mərhələdə isə bu prosesin aktiv iştirakçısından aktiv təşkilatçısına, hətta deyərdim ki, lokomotivinə çevrildi. Çünki birinci dövrdə bizim iqtisadi çətinliklərimiz var idi və beynəlxalq nüfuzumuz o qədər güclü deyildi. Amma sonrakı dövrdə iqtisadi potensialımız və beynəlxalq nüfuzumuz imkan verdi ki, biz bu prosesdə aktiv iştirakçıdan aktiv təşkilatçıya çevrilək. Əslində, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi bu həqiqəti bir daha təsdiqləyir". Gündüz İsmayılovun sözlərinə görə, Forumun Bakıda keçirilməsi həm də onu göstərir ki, Azərbaycan bu sahədə əhəmiyyətli və nümunəvi ölkədir və beynəlxalq ictimaiyyət də bu həqiqəti qəbul edir: "Bu, həm də Azərbaycan təcrübəsinin beynəlxalq aləmdə yayılması və beynəlxalq nüfuzumuzun güclənməsi baxımından önəmlidir. Forumun keçirilməsi ilə bağlı cənab Prezidentin sərəncamı ilə Əbülfəs Qarayevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Mən də həmin Təşkilat Komitəsinin üzvüyəm. Təşkilati işlərdən xəbəri olan bir şəxs kimi deyə bilərm ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu yüksək səviyyədə keçiriləcək. Foruma beynəlxalq təşkilatlardan və xarici ölkələrdən ən yüksək səviyyədə qatılanlar olacaq". Millət vəkili Fərəc Quliyev deyir ki, istənilən bir tədbirin hər hansı bir ölkədə keçirilməsi həmin dövlətin nüfuzunun göstəricisidir: "Bu baxımdan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın əhəmiyyətini göstərən bir məsələdir. Azərbaycan tolerant bir ölkədir, burada həm etnoslararası, həm də dinləarası münasibətlər normaldır. Artıq Azərbaycan dünya tərəfindən nümunə kimi göstərilir ki, bizdə tam tolerant bir mühit var. Ermənistandan fərqli olaraq bura monoetnik bir ölkə deyil və Azərbaycanda müxtəlif mədəniyyətlər cəmlənib. Ona görə də mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoqda da Azərbaycan mühüm rol oynayır". Millət vəkili bildirib ki, belə mötəbər forumlar Azərbaycan, eləcə də Azərbaycanı işğal edən bir ölkə barədə qiymətin verilməsi üçün əlverişli fürsətdir: "Hesab edirəm ki, bu əhəmiyyətli bir tədbirdir və Azərbaycanın da bundan ciddi şəkildə faydalanmaq imkanı var. Həmçinin bu kimi forumlar Azərbaycanın təbliğatı, onun dünyada daha yaxından tanıdılması, problemlərinin beynəlxalq aləmə çatdırılması, ölkəmizdə multukulturalizmin mövcud olduğunun dünyaya bəyan edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir".

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00