Dünyada hər 3 qadından biri zorakılığa məruz qalır

Ailə zorakılığının 95 faizinin qurbanı qadınlar olur

Cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir. Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparmışlar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Məlumdur ki, qadınlara qarşı zorakılıq dünyanın istənilən ölkəsində qeydə alınmaqdadır. Əsas məsələ qadınlara qarşı hər hansı zorakılıq hallarının qarşısının alınması və zorakılıq qurbanlarına psixoloji, tibbi, hüquqi yardımın göstərilməsidir. Məlum olduğu kimi Azərbaycanda 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini bu problemlərə bir daha cəlb etmək üçün müxtəlif səviyyələrdə-beynəlxalq konfranslarda, qeyri-hökumət təşkilatlarında, kütləvi informasiya vasitələrində geniş fikir mübadiləsi, debatlar təşkil edilir. Həmçinin məişət zorakılığı da daxil olmaqla qadına, uşağa zorakılığa qarşı və insan alveri ilə mübarizə məqsədini daşıyan bir sıra layihələr həyata keçirilir. İndiyə qədər ölkədə "Demokratik cəmiyyətdə məişət zorakılığı ilə mübarizənin aparılmasına dair Azərbaycan Respublikasının kompleks proqramı"; BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilmiş, məişət zorakılığı və erkən nikah problemlərinə qarşı cavab olan "Qadına qarşı zorakılıqsız XXI-ci əsr", BMT-nin "Cənubi Qafqazda gender əsaslı zorakılıqla mübarizə" layihələri, qadına qarşı zorakılıq mövzusunda məlumtlandırma; Zorakılıq və insan alveri ilə mübarizə mövzusunda məlumtlandırma kampaniyaları, qadına zorakılığın yayılma miqyası, kökləri və fəsadları mövzusunda sorğu və sair tədbirlər reallaşdılıb. Bu layihələrin nəticəsi olaraq Ailə Məcəlləsində qadınlar üçün nikah yaşı 1 yaş artırılaraq 18 yaş qəbul edilmişdir. Həmçinin AR Cinayət Məcəlləsinə də dəyişiklik edilərək "Qadını nikaha daxil olmağa məcbur etmə" maddəsi qəbul olunmuşdur. Həmin maddəyə görə Qadını nikaha daxil olmağa məcbur etmə - iki min manatdan üç min manatadək cərimə və ya iki il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək cərimə və ya dörd il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin bütün görülən işlərə baxmayaraq hələ də qadına qarşı zorakılıq hallarının tam qarşısını almaq mümkün olmayıb. Komitədə hesab edirlər ki, məişət zorakılığı ilə sıx bağlı olan təhsildən yayınma, intihar hallarının aradan qaldırılması üçün ictimaiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasına və qanunun işləmə mexanizmi istiqamətində fikir mübadiləsinə ehtiyac vardır. Bu məqsədlə Azərbaycan Respublikasının şəhər və rayonlarında "Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri" adlı tədbirin keçirilməsinə start verilib. Bu tədbirdə müxtəlif rayonların icra strukturunun müvafiq qurumları, hüquq-mühafizə orqanları, bələdiyyələr, icra və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər. Qeyd olunan nümayəndələrlə Qanunun icrası və onun işləmə mexanizmi, yaranmış problemlərlə əlaqədar müzakirələr aparılmış, həmçinin anket sorğusu keçirilmişdir. Reqional görüşlər Ağsu, Ağdaş, Sumqayıt, Quba, Lerik, Göygöl, Goranboy, Ağdam, Balakən, Saatlı, Hacıqabul və onlara yaxın rayonların, ümumilikdə 63 rayonun icra strukturlarının, bələdiyyələrinin, hüquq-mühafizə orqanlarının, ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər. Ancaq fakt ondan ibarətdir ki, bütün görülən tədbirlərə baxmayaraq son dövrlərdə məişət zorakılığına dair faktların, intihar və eləcə də erkən nikah hallarının statistikası artmaqdadır.

Hər il dünyada 3-4 milyon qadın həyat yoldaşları tərəfindən döyülür

Rəqəmsal İnkişaf İB-nin təmsilçisi Könül Ağayeva bildirib ki, cəmiyyətin əsas qurucu qüvvəsi elə məhz qadınlardı: "Lakin çox təəssüf ki, cəmiyyətdə bir çox insanlar demək olar ki, əksəriyyət qadınların bu gücünü heçə sayaraq onlara qarşı müxtəlif zərərlər törədirlər. Çox acınacaqlı bir haldır ki, belə zorakılıqların sayı getdikcə artmaqdadır. Qadınların hüquqlarının tapdalanması, onların şəxsiyyətinin alçaldılması, cəmiyyətdə hökm sürən avamlıq, insanlara laqeyd yanaşma pis nəticələrə gətirib çıxarır. Rəsmi statistikaya nəzər saldıqda görürük ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədə, ən azı, bir qadın öldürülür. Eyni zamanda, hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşları tərəfindən döyülür. Ailə zorakılığının 95 faizinin qurbanı da qadınlar olur. Ölkəmizlə əlaqədar araşdırmalara nəzər yetirdikdə görürük ki, əvvəlki illərə nisbətən zorakılığa məruz qalan qadınların sayı durmadan artır, müxtəlif dərəcəli bədən xəsarətləri alırlar". Onun bildirdiyinə görə, bu gün təhsildən yayınan və öldürülən qızlar var: "Belə münasibətin kökündə mentalitet amilinin də təsiri dayanır. Bunlar qadına qarşı zorakılığın əsas göstəricisidir. Bir çox ailələrdə qadınlar zorakılıq qarşısında qalanda çıxılmaz vəziyyətə düşürlər. Çünki onların iqtisadi vəziyyəti çox ağırdır. Bütün bunları nəzərə alaraq gənclərə, gənc ailələrə, digər ailə qruplarına və gənc qadınlara məişət zorakılığı nədir və onun törətdiyi fəsadlar hansılardır, onunla necə mübarizə aparmaq olar kimi müxtəlif üsullarla geniş maarifləndirmə kampaniyası aparılmalıdır". Ekspertlər hesab edirlər ki, qadınlara qarşı zorakılıq hallarının qarşısını almaq məqsədilə "məktəb psixoloqu", " ağsaqqal - ağbirçək" institutlarının gücləndirilməsi istiqamətində işlərin aparılması zəruridir. Eyni zamanda "Ailə psixoloqu" institutunun yaradılması, eləcə də vətəndaş məsuliyyətinin artırılması məsələləri də diqqət mərkəzində dayanır. Bu sahəyə ictimayyətin diqqətini cəlb etmək üçün müxtəlif aksiyalar da keçirmək mümkündür. Lakin bu aksiyalar davamlı olmalı, insanların problemi daha düzgün dərk eləməsinə xidmət etməlidir. Bundan əlavə, sosial çarxların hazırlanması və KİV- bu məlumatların daha ətraflı işıqlandırılması da zəruri məsələlərdəndir. Etiraf edək ki, qanunvericiliyin mövcud olmasına, müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsinə baxmayaraq, bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu böyükdür. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir. Sirr deyil ki, qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Xüsusən silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Bu gün də yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur. Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.

Məişət zorakılığı ciddi maliyyə və sosial nəticələr törədir

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurasının qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə kampaniyasını dəstəkləmək və parlament vasitələri ilə onun həyata keçməsinə kömək göstərmək barədə öhdəlik götürüb. Öhdəlikdə bildirilir ki, "Azərbaycan xalqının təmsilçiləri kimi biz qadınlara qarşı hər bir zorakılığı açıq və qəti surətdə pisləyirik. Biz qadına qarşı zorakılığı "ailə" və ya "şəxsi" məsələ kimi səciyyələndirən hər hansı yanaşmanı qətiyyən qəbul etmirik. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Odur ki, səlahiyyətli dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsi son dərəcə zəruridir. Bununla əlaqədar olaraq biz müvafiq beynəlxalq standartlara və bir sıra Avropa ölkələrində mövcud olan müsbət təcrübəyə əsaslanaraq, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair zəruri qanunvericilik aktlarını mümkün qədər tez qəbul etməyi öhdəmizə götürürük. Biz anlayırıq ki, bu aktlar ilk növbədə zorakılıq qurbanlarının müdafiəsini, onlara dəstəyi və yardımı, habelə bu cür hüquqa zidd hərəkətləri törədən şəxslər barəsində müvafiq sanksiyaları nəzərdə tutmalıdır. Biz təsdiq edirik ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə siyasi gündəliyimizin ümdə məsələlərindən olmalıdır. Biz problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etməliyik. Yuxarıda qeyd edilmiş qanunvericilik tədbirləri ilə yanaşı, beynəlxalq və milli tərəfdaşlarla birlikdə hərtərəfli fəaliyyət planı qəbul edilməlidir. Həmin planda müxtəlif tədbirlər, o cümlədən geniş maarifləndirmə işinin aparılması, təlimlər təşkil edilməsi, həqiqi gender bərabərliyinin təmin olunmasına yönəlmiş addımlar atılması, əldə edilmiş tərəqqinin monitorinqi və qiymətləndirilməsi öz əksini tapmalıdır. Bu işlərin görülməsinə qeyri-hökumət təşkilatları da mühüm töhfə verə bilərlər. Biz qəti əminik ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyət qurulması işinə kömək edəcəkdir".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00