Vətəndaşlar niyə çıxarış əldə edə bilmirlər?
Buna hüquqi biliklərin az olması, yoxsa bürokratik əngəllər mane olur?
31 Mart 2016 12:56 SosialAzərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması daim problemlərlə müşahidə olunub. Mövcud problemlər mülkiyyət hüququqnun qeydiyyatı sahəsində şəffaflığın təmin olunması zərurətini yaradır. Bu kimi amilləri nəzərə alan hökumət daşınmaz əmlakın qeydiyyatının onlayn üsulla həyata keçirilməsini məqsədəuyğun hesab edir. Çünki, bu halda həm mənur-vətəndaş təmasları minimuma endirilir, həm də vətəndaş məmnunluğu təmin olunur. Başqa sözlə, vətəndaş sənədlər toplusundan azad olunaraq vaxt itirmədən, bürokratik əngəllərlə üzləmədən əmlakını dövlət qeydiyyatına aldırmaq imkanı əldə edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin tapşırığı əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı sahəsində mühüm yenilik baş verib. Artıq daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsi avtomatik həyata keçirilir. Belə ki, yeni xidmət notariuslarda bağlanan əmlak alqı-satqı müqavilələrinin onlayn rejimdə birbaşa olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) göndərilməsini nəzərdə tutur. "Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət" nəticəsində alqı-satqı müqavilələri notariusdan onlayn formada birbaşa DƏDRX-ə göndərildiyinə görə, vətəndaşların sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmır. Yəni, alqı-satqıdan sonra vətəndaşların müqaviləni DƏDRX-ə aparmasına ehtiyac qalmır. Lakin bütün görülən tədbirlərə baxmayaraq, yenə də vətəndaşlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında çtinliklərlə üzləşməli olur. Daha doğrusu, vətəndaşlar cəmi bir dəfə-çıxarış almaq üçün müvafiq dövlət qurumuna getməli olduqları halda, bu proses dəfələrlə təkrar olunur ki, nəticədə insanlar kifayət qədər vaxt itgisinə yol vermiş olurlar. Ekspertlər isə hesab edirlər ki, buna səbəb vətəndaşların kifayət qədər hüquqi biliyə malik olmamalarıdır. Yəni, əksər vətəndaşlar hansı sənədin hansı quruma təqdim edilməsi, mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı konkret olaraq hara müraciət etməli olduqlarından xəbərsizdirlər. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, mövcud problemin aradan qaldırılması məqsədilə vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi məsləhət və maarifləndirmə tədbirləri təşkil olunur. Artıq ölkədə mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunması və qeydiyyat xidmətlərinin daha səmərəli göstərilməsi məqsədilə əhaliyə geniş hüquqi məsləhət xidmətlərinin göstərilməsinə başlanıb. Bu tədbirlərin vətəndaş məmnunluğunun artırılmasına xidmət etdiyi bildirilir. Artıq vətəndaşlarımız, o cümlədən də mülkiyyət sahibləri daşınmaz əmlakla bağlı hər hansı əməliyyat aparmazdan öncə bir ünvanda - birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli ofislərində təmənnasız olaraq göstərilən hüquqi yardımlardan faydalana bilərlər. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirməkdir. Bu xidmət vətəndaşlarımızın əmlakını qeydiyyata aldırması, əmlakın alqı-satqısı, mənzillər, fərdi evlər, həyətyanı, pay və digər torpaq sahələrinə çıxarış və digər arayışların alınması qaydaları barədə hüquqi biliklərin artırılmasını təmin edir. Xidmət çərçivəsində istənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edir, burada öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və sair xidmətlərlə bağlı suallarını bildirir. Komitənin hüquqşünasları və qeydiyyat ekspertləri bütün bu sualları cavablandırır və həlli istiqamətində müvafiq məsləhətlərini verirlər və zəruri hüquqi yardımı göstərirlər. Həmçinin hüquqşünaslar müraciət edən şəxsə tələb olunan sənədlərin siyahısını izah etməklə yanaşı, həm də həmin sənədlərin hansı qurumlar tərəfindən verilməsi, əldə edilməsinin qanunla müəyyən edilmiş qaydaları barədə də məsləhətlər verirlər. Eyni zamanda, xidmət mülkiyyət hüquqlarının qorunması ilə bağlı vətəndaşların qarşılaşdığı digər çətinliklərin də aradan qalxmasına zəmin yaradacaq. Bəzən vətəndaşlar qanunvericiliyə uyğun olmayan sənədlərlə çıxarış alınması üçün ərazi qeydiyyat idarələrinə müraciət edirlər. Həmçinin belə əmlaklar dövlət reyestrindən çıxarış olmadan alqı-satqı əməliyyatlarına cəlb olunur və vətəndaşlar məlumatsızlıqdan belə əmlakları alır, lakin sonradan sənəd çatışmazlıqları ucbatından çıxarış əldə edə bilmirlər. Belə əmlaklar çıxarış olmaması səbəbindən hər hansı hüquqi əməliyyata və digər hüquqi proseslərə cəlb oluna bilmir. Bəzən təyinatına zidd olan, mühafizə zonalarına aid edilən torpaqların alqı-satqı faktlarına da rast gəlinir. Lakin qanunvericiliklə qadağan olunduğu üçün vətəndaşlar sonradan belə torpaqlara dair çıxarış ala bilmirlər. Belə halların baş verməməsi üçün vətəndaşların əvvəlcədən məlumatlandırılması məqsədilə də bu xidmət çərçivəsində müvafiq məsləhətlər verilir, məlum hüquqi məsələlər izah edilir və hüquqi yardım göstərilir. Bu yenilik əmlak qanunvericiliyi ilə bağlı ictimai maariflənmənin genişlənməsinə səbəb olmaqla yanaşı, əmlakın qeydiyyatını da sürətləndirəcək. Bununla bərabər mülkiyyət mənafelərinin qorunmasında ictimai məmnunluğun artmasına, daşınmaz əmlak bazarında aktivliyə səbəb olacaq. Ekspertlər hesab edirlər ki, yeni xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alqı-satqı proseslərinin daha operativ həyata keçməsini təmin edəcək. Alqı-satqıların az qala avtomatik baş verməsi və vaxt itkisinin aradan qalxması əmlak sahiblərini daha çevik qərar verməyə həvəsləndirəcək. Amma bu məsələnin yalnız bir tərəfidir. Alqı-satqı müqavilələrinin avtomatik olaraq qeydiyyat idarəsinə göndərilməsi əmlak bazarında çoxdan bəri mövcud olan digər problemin həllinə səbəb olacaq. Belə ki, bəzi hallarda alqı-satqıdan sonra əmlakın yeni sahibi əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi. Nəticədə həmin əmlak faktiki olaraq dövriyədən kənarda qalır, onunla əməliyyatların aparılması, o cümlədən vərəsəliyə ötürülməsi çətinləşirdi. Bəzi hallarda bu, sadəcə məsuliyyətsizlik səbəbindən baş verirdi. Bəzi hallarda isə əmlakın yeni sahibi bilərəkdən əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi. Bu isə müəyyən vəziyyətlərdə mənfi hallara səbəb olurdu. Yeni xidməti ilə qeydiyyatın avtomatik həyata keçirilməsi belə halların qarşısını almağa da imkan yaradacaq.
Nurlan