MSK: Bu günədək 55 siyasi partiyadan 44-ü illik maliyyə hesabatını təqdim edib

Sabah siyasi partiyaların ötən illə bağlı illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət başa çatır. MSK sədrinin müavini Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, bu günə qədər 44 partiya hesabatı MSK-ya təqdim edib. N. Məmmədov deyib ki, 11 siyasi partiyanın günün sonuna qədər maliyyə hesabatlarını MSK-ya təqdim etməsini gözləyirlər:  "Keçən illə müqayisədə siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi sahəsində irəliləyiş hiss olunur. Əgər 2015-ci illə müqayisə etsək, siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi sahəsində 90 faizə qədər irəliləyiş var. Təşkilatçılıq, tərtib etmə baxımından açıq irəliləyişlər hiss olunur. MSK-nın təşkil etdiyi seminarlar, maarifləndirmə xarakterli tədbirlər öz nəticələrini verir".

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən 2015-ci ildən başlayaraq siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00