Quba soyqırımının daha bir nişanəsi - Alpan qəbristanlığı
31 Mart 2016 11:45 Sosial1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının Alpan kəndində daşnakların törətdiyi vəhşiliklərin nişanələri indi də qalmaqdadır. Rayon mərkəzindən 16 kilometr uzaqlıqda yerləşən kənd Qubadakı ən qədim yaşayış məntəqələrindən biridir. Alpan kənd sakini Ziyafəddin Dadaşov AZƏRTAC-a müsahibəsində qədim kənd qəbristanlığının soyqırımı hadisələrini əks etdirən tarixi yerlərdən biri olduğunu deyib. Z.Dadaşov deyib ki, dinc sakinləri qətlə yetirməklə ürəkləri soyumayan erməni vandalları kənd qəbristanlığındakı başdaşıları gülləbaran edib, buradakı XVI əsrə aid Subaba türbəsini yandırıblar. Güllələrin izləri başdaşıların üzərində indi də qalmaqdadır. Yerli sakinlərin sözlərinə görə, erməni silahlıları Alpana 1918-ci ilin may ayında hücum edib və kəndi üç istiqamətdən mühasirəyə alıblar. O dövrdə Quba qəzasında ən varlı kəndlərdən sayılan Alpanda əhalinin çox hissəsi əliyalın meşələrə qaçıb. Bütün evləri yandıran ermənilər qocaya, qadına, uşağa rəhm etməyiblər. Alpan kənd tam orta məktəbinin tarix müəllimi Zabit Babayev isə qeyd edib ki, erməni dəstələrinin əsas məqsədi buradakı müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmək olub. Onlar Şahdağdan Xəzər dənizinə qədər olan ərazidə yaşayan yerli sakinlərin hamısını öldürmək əmrini almışdılar. 1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.


