Torpaqların alqı-satqı müqaviləsində boşluqlar var
30 Mart 2016 16:32 SosialMilli Məclisin martın 30-da keçirilən aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. İclasda çıxış edən aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev pay torpaqlarının istifdəsində olan qanunsuzluqlara görə 2 dövlət orqanına müraciət edib: "Bizim komitə dəfələrlə torpaqların monitorinqinin keçirilməsi ilə bağlı təkliflə çıxış edib. Burada məqsd kimlərinsə hüquqi məsuliyyətə cəlb olunmasında deyil. Söhbət həmin torpaqların təyinatı üzrə lazımi şəxslərə verilməsi və təyinatı üzrə istifadə olunmasından gedir. Dövlət Əmlak Komitəsinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edirəm ki, torpaqların monitorinqi ilə bağlı ortaq komissiya yaratsınlar. Bu gün hektarlarla torpaq var ki, hasarlanıb və təyinatı üzrə istifadə olunmur". Komitənin üzvü Novruzəli Aslanov isə torpaqların alqı-satqı müqavilələrində olan boşluqla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib: "Torpaqların alqı-satqı müqavilələrində torpaqlara qulluq edilməsi, eroziyadan, təbiət hadisələrindən qorunması icbari xarakter daşımalıdır. Lakin indiki qanunvericilikdə bu icbari xarakter daşımır. Ona görə də kəndlilər onlara verilən pay torpaqlarına qulluq etməkdə maraqlı deyillər. Hesab edirəm ki, məhz bu məsələdə qanunvericiliyə müvafiq olaraq dəyişiklik edilməlidir".