Nizami rayonunda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
30 Mart 2016 16:28 SosialNizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnakları tərəfindən törədilmiş qırğının dəhşətlərindən bəhs edən sənədli film nümayiş olunub. Filmin nümayişindən sonra Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxış edərək, əsrlər boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumat verib. O, həmçinin ermənilərin millətimizə qarşı törətdikləri cinayətlərin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmağa, özlərinin qəsbkar torpaq iddialarını gizlətməyə çalışdığını qeyd edib.
Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Əli Axundov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev azərbaycanlılara qarşı törədilən soyqırımının tanınmasında ölkədə və beynəlxalq səviyyədə bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.