Arxeologiya İnstitutunda soyqırım qurbanları anılıb
30 Mart 2016 16:00 Sosial31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda anım tədbiri keçirilmişdir. Tədbirdə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları iştirak etmişlər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova anım tədbirini açaraq bildirdi ki, XX əsrdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım aktları sırasında 1918-ci ilin martında baş vermiş qətliam öz miqyası və qəddarlığına görə xüsusi bir yer tutur. "2007-ci il aprelin 1-də İnstitutumuza xəbər daxil oldu ki, Qubada kütləvi məzarlıq aşkar edilib. İlkin qazıntılardan aydın oldu ki, skeletlər 1918-ci mart soyqırımının qurbanı olmuş azərbaycanlılara məxsusdur. Yazılı tarixi mənbələr, antropoloji tədqiqatlar bunu sübut etməkdədir. Mən heç unutmaram ki, Quba məzarlığında çalışan İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərliyi altında arxeoloji ekspedisiyaya növbəti dəfə baş çəkəndə çox dramatik bir hadisə baş verdi. Qazıntı sahəsindən uşağının qalıqlarını qucaqlamış qadın skeleti aşkar edildi, qadının gözlərinə mismarlar vurulmuşdu. Yəni, əyani olaraq biz erməni vəhşiliklərinin şahidi olurduq". M. Rəhimova çıxışını davam edərək bildirdi ki, 1918-ci il Mart Soyqırımı barədə həqiqətləri bütün dünyada tanıtmaq üçün 1998-ci il martın 26-da Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi və bununla da ilk dəfə həmin faciəyə siyasi və hüquqi qiymət verildi. "Ümummilli Liderimizin işinin layiqli davamçısı Prezident İlham Əliyevin bu yöndə apardığı uğurlu siyasət nəticəsində artıq dünyanın bir neçə ölkəsində seçkili qurumlar da Mart Soyırımına siyasi qiymət vermişlər. Məhz, 2009-cu ildə Prezident İ. Əliyevin imzaladığı sərəncamla Quba ərazisində memorial kompleks yaradıldı" - deyə M. Rəhimova çıxışında vurğuladı. M. Rəhimovanın təklifi ilə tədbir iştirakçıları bir dəqiqəlik sükutla XX əsrdə soyqırım qurbanı olmuş soydaşlarımızın xatirəsini yad etdilər.