Çin nümayəndə heyəti ADU-da oldu

30 mart 2016-cı il tarixində Çinin "Ququn" ("Qadağan şəhər") muzeyinin direktoru Şan Di Syanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində onlar Azərbaycan Dillər Universitetində (ADU) oldular. Nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov ali təhsil müəssisəsinin tarixi və beynəlxalq əlaqələri haqqında məlumat verdi. O, Dillər Universitetində 22 dilin tədris olunduğunu, 17 dil və mədəniyyət mərkəzi ilə yanaşı Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. Professor Dünyamin Yunusov Çin dili və mədəniyyəti mərkəzinin elmi, mədəni və maarifləndirici fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verdi. O, eyni zamanda Azərbaycanda nəşr olunan ilk milli Çin dili dərsliyinin məhz ADU-da Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlandığını vurğuladı. Bundan əlavə Dünyamin Yunusov universitetdə "Konfutsi İnstitutu"nun açılacağını da bildirdi. O, həmçinin ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan 10 nəfər tələbənin universitet hesabına hazırda Çinin Şenyan Pedaqoji Universitetində təhsil aldığını sözlərinə əlavə etdi. Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparıldı. Təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Çin arasında olan münasibətlərin inkişafına töhfə verəcəyi də vurğulandı. Görüşdə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyi, eyni zamanda ADU-nun sabiq rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Azərbaycan Dillər Universitetində adıçəkilən mərkəz tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafına verdiyi töhfələrdən bəhs edən "İlham Əliyev - iki qədim xalqların dostluğunun davamçısı" adlı kitab qonaqlara təqdim olundu. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00