Ollandı Sarkisyan qarşıladı (FOTO)
Fransua Olland qondarma “erməni soyqırımı” memorialına baş çəkəcək
12 May 2014 22:24 SiyasətErmənistan prezidenti Serj Sarkisyan Fransa prezidentini İrəvanın "Zvartnots" aeroportunda şəxsən özü qarşılayıb.
ANS PRESS-in məlumatına görə, Qafqaz regionuna səfər edən Fransa prezidenti Fransua Olland Azərbaycana səfərini başa vurduqdan sonra Ermənistana gedib.
Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidentini İrəvanın "Zvartnots" aeroportunda şəxsən özü qarşılayıb. Qarşılanma mərasimində Ermənistanın xarici İşlər naziri Edvard Nalbandyan da iştirak edib.
Qeyd edək ki, bu gün Fransa prezidenti artıq Ermənistan-Fransa biznes forumunda iştirak edib.
Forumda çıxış edən Fransa prezidenti deyib ki, Avropa İttifaqının Ermənistana yatırdığı sərmayələrin yarısı Fransanın payına düşür. "İldə 120 milyon avro civarında olan bu vəsaitləri biz bank, telekommunikasiya, nəqliyyat sektoruna yerləşdiririk. Bizim ticarət əlaqələrimiz isə nisbətən zəifdir. Fransa ilə Ermənistan arasındakı ticarət əlaqələri tərəfdaşlarımız arasındakı siyahıda 10-cu yerdədir. Buna baxmayaraq Fransada 500 min erməni yaşayır. Biz biznes sahəsində əlaqələrimizi genişləndirməliyik", - deyə forum iştirakçılarına açıqlama verib.
Bu gün Fransua Olland qondarma "erməni soyqırımı" memorialına da baş çəkəcək, həmin ərazidə ağac da əkəcək. Fransua Ollandı Ermənistana rəsmi səfərində müşaiyət edən məşhur Şarl Aznavur bu gün İrəvanda konsert verəcək.
Gecə isə qonaqlar şəhər gəzintisinə çıxacaqlar.
Sabah Fransa prezidenti Ermənistanda məskunlaşan fransız cəmiyyətinin üzvləri ilə görüşəcək. Səfər çərçivəsində İrəvanda "Karfur" hiper marketlər şəbəkəsinin açılışı da olacaq.