Fransa prezidenti Azərbaycanı dünyaya nümunə göstərdi
12 May 2014 17:12 SiyasətCənubi Qafqaz turnesi çərçivəsində Azərbaycanda rəsmi səfərdə olan Fransa prezidenti Fransua Olland azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirib. Görüşdən sonra dövlət başçıları jurnalistlər üçün brifinq keçiriblər. Prezident İlham Əliyev bildirib ki, Avropa ilə iqtisadi əlaqələr Azərbaycanın diqqət mərkəzindədir. Çünki Avropa ölkələri Azərbaycanın birinci ticarət tərəfdaşlarıdır. Prezidentin sözlərinə görə, enerji təhlükəsizliyi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər Avropa qurumları tərəfindən dəstəklənir: "Biz çox səmərəli, gözəl əməkdaşlıq yaratmışıq. Bizim ümumiyyətlə, xarici siyasət, yaxud daxili siyasətlə bağlı olan addımlarımıza heç bir kənar tərəf təsir edə bilməz. Azərbaycan müstəqil dövlətdir, müstəqilliyi hər şeydən üstün tutur və müstəqillik imkanlarından çox səmərəli şəkildə istifadə edir. Biz iqtisadi sahədə, siyasi sahədə islahatlar aparırıq və siyasi islahatlar iqtisadi islahatlar qədər bizim üçün önəmlidir".
Fransua Olland isə çıxışında diqqəti daha çox Ukrayna böhranı və regiondakı münaqişələrə yönəldib: "Fransanın, Avropanın mövqeyi ilə bağlı artıq xəbərdarsınız ki, Avropa, Fransa ölkənin ərazi bütövlüyünü daim yüksək qiymətləndirir və onu dəstəkləyir. Biz mövcud olan münaqişələrin danışıqlar yolu ilə həll edilməsinə cəhd göstəririk. Bu, eyni zamanda Qafqaz səfərimizin əsas məqsədidir. Artıq 20 ildir ki, Qarabağ münaqişəsi ilə bağlı atəşkəs sazişi imzalanıb. Bu müddət ərzində hələ də böyük irəliləyişlər əldə edilməyib. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın da üzərində böyük məsuliyyət düşür. Biz də bu münaqişənin həlli, eyni zamanda, etimadın bərpa edilməsi üçün öz tərəfimizdən müəyyən səylər göstərməliyik". Fransa prezidenti Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Fransaya bir növ onun məsuliyyəti xatırlatdılıb: "Fransa ATƏT-in Minsk qrupuna həmsədrlik edir və uzun müddətdir ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həlli üçün müxtəlif yolların axtarışındadır. Ancaq hələ də bəzi vəziyyətlər var ki, onlar münaqişənin həllinə imkan vermir. Əgər mən bu səfəri həyata keçirirəmsə, Azərbaycan, sonra da Ermənistana gedəcəmsə, bu, onu göstərir ki, mən çalışıram əsas prinsipləri bir daha xatırladım və münaqişənin həlli yolunda müəyyən səylər göstərək. Digər tərəfdən, bu da eyni zamanda həqiqətdir ki, Fransanın həm Azərbaycan, həm də Ermənistanla dostluq əlaqələri mövcuddur, biz bunların ikisinin arasında hansısa birini seçə bilmərik. Mən Prezident İlham Əliyevə bildirdim və prezident Serj Sarkisyana da deyəcəm ki, biz səylərimizi birləşdirməliyik. Yeni irəliləyişlər əldə etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həlli dosyesinə yenidən baxmalıyıq. Çünki bu münaqişə eyni zamanda regionun inkişafına mane olur".
Qeyd edək ki, Azərbaycan və Fransa prezidentlərinin görüşündən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. Fransa ilə Azərbaycan arasında "Elmi əməkdaşlıq haqqında" saziş, Kənd Təsərrüfatı Nazirliyi və Fransanın Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında "Əməkdaşlıq haqqında" saziş, Nəqliyyat Nazirliyi ilə bu ölkənin İqtisadiyyat, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında Anlaşma Memorandumu, Energetika Nazirliyi ilə Fransanın Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikası Qadın Hüquqları, Şəhər Gəncləri və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında inzibati anlaşma, Təhsil Nazirliyi və Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitet əməkdaşlığı sahəsində niyyət məktubu imzalanan sənədlər arasında yer alıb. Bundan başqa Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Fransa dövlət başçısı Fransua Olland tərəfindən birgə bəyanat imzalanıb.
Günün ikinci yarısında isə dövlət başçıları Azərbaycan-Fransa biznes forumunda iştirak ediblər. Forumda çıxışl zamanı prezident İlham Əliyev bildirib ki, Fransa-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bizim siyasi, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcək: "Şübhə yoxdur ki, Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox əlamətdar hadisədir və səfər bizim əlaqələrimizin inkişafına çox güclü təkan verəcək. Biznes qurumlarının birgə fəaliyyəti və ticarət əlaqələrinin inkişafı bizim ümumi inkişafımıza gözəl dəstək olacaq".
Fransa prezidenti Fransua Olland isə deyib ki, Azərbaycanın inkişafı region ölkələri üçün nümunə ola bilər: "Mən ilk olaraq siyasi və digər mühüm məsələləri müzakirə etmək niyyətində idim, lakin eyni zamanda, ikitərəfli əməkdaşlığın perspektivləri və yeni istiqamətləri də ən mühüm məsələlərdən biridir. Biz qarşılıqlı əməkdaşlığın daimi inkişafına töhfə verə biləcək strategiya müəyyən etməliyik". Fransua Ollandın sözlərinə görə, Azərbaycanın inkişafı adi gözlə görünür: "Azərbaycan xeyli sayda uğurlara nail olub. Siz enerji, eləcə də nəqliyyat, inşaat sektorlarına, infrastrukturun inkişafına investisiyalar cəlb edə bilmisiniz ki, bu da bütün regiona və hətta bütün dünyaya nümunə ola bilər".
Qeyd edək ki, Azərbaycana səfəri zamanı Fransa prezidenti İçəri Şəhər Dövlət Tarixi-Memarlıq Qoruğunda olub, Bakıda inşa edilən Fransa məktəbinin tikintisi ilə maraqlanıb.
S. İsmayılbəyli