Həmsədrlərin bəyanatı effekt verəcəkmi?

Sənəd atəşkəsə əməl edilməsinə çağırışdan çox, erməni təxribatına dəstəyə bənzəyir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan arasında bağlanan atəşkəs rejiminin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar. Həmsədrlər bəyanatda qeyd ediblər ki, bu razılaşma birbaşa müharibəyə son qoydu, əvvəlki illərdəki faciəli zorakılıq dayandırıldı və sülhə yol verən tərəflər danışıqlar üçün zəmin yaradıb: "Əldə edilən sülh nəticəsində ermənilərin və azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüdülər. Tərəflər gələcək nəsillərin qorunması üçün belə təcrübələrdən istifadə edərək əlindən gələni əsirgəməməlidirlər". Atəşkəs haqqında sazişdə qeyd edilir ki, bu saziş təməlində münaqişəni həll etmədi: "Məsələnin qəti həllinin olmaması yüz minlərlə adamın davam edən köçkünlüyünə, beynəlxalq sərhəd və təmas xətti boyunca zorakılığın eskalasiyasının daimi təhlükəsinin mövcudluğuna və bəzi dairələrdə status-kvonun sonsuz olaraq saxlana biləcəyi kimi yanlış fikirə gətirib çıxardı". Bəyanatda qeyd edilib ki, tərəflər həmsədr ölkələrin təklif etdikləri imkanlardan yararlanmağa və ya bu sülh prosesində irəliləyiş üçün zəruri olan siyasi qərarlar qəbul etməyə böyük maraq göstərmirlər. Həmsədrlər bildiriblər ki, biz bu münaqişə ilə bağlı ümumi mövqeyi bölüşürük və buna sadiqik.

Ancaq gəlin görək real vəziyyət necədir, atəşkəs sazişinə nə dərəcədə riayət olunur? Əvvala onu qeyd edək ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi demək olar ki, hər gün, özü də dəfələrlə pozulmaqdadır. Bunun nəticəsində ölən və yaralananların da sayı kifayət qədərdir. Ölən və yaralananlar arasında təkcə hərbçilər deyil, mülki şəxslər də xeyli saydadır. Cəbhə bölgəsində atəşkəs rejimi o dərəcədə pozulur ki, sərhədboyu yaşayan əhali illərlədir ki, təsərrüfat işləri ilə məşğul ola bilmirlər. Tərəflər arasında snayperlərin geri çəkilməsi barədə razılaşma da real effekt verməyib. Demək olar ki, hər gün snayperdən açılan atəş nəticəsində ölən və yaxud yaralıların olması barədə xəbərlər gəlməkdədir. Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə cəbhə xəttindəki tələfatla bağlı BMT-də məsələ qaldırıb. Ancaq nə fayda, ermənilər açıq-aşkar atəşkəs rejimini pozur, həmsədrlər isə ən yaxşı halda quru bəyanat verməklə kifayətlənirlər. Baxmayaraq ki, son vaxtlar cəbhə xəttində gərginlik artıb və demək olar ki, hər gün atəşkəs rejimi pozulur. Ölüm faktı isə yalnız hərbçiləri deyil, habelə mülki şəxsləri, hətta günahsız uşaqları da öz cənginə alıb. Məlumat üçün qeyd edək ki, bir müddət öncə Azərbaycan cəbhədə 9 yaşlı uşağın öldürülməsi məsələsini BMT-də qaldırmışdı. Ağdam sakini Fariz Bədəlov snayperin açdığı atəşlə qətlə yetirlmiş və bu da haqlı olaraq insanların kəskin etirazlara səbəb olmuşdu. Azərbaycanın BMT-dəki səfiri təşkilatın baş katibi və üzv-dövlətlərə ünvanladığı müraciətində 9 yaşlı Ağdam sakininin qətlini "Ermənistan ordusu tərəfindən müdafiəsiz insanlara qarşı törədilmiş qanlı hadisə" adlandırdı. Təəssüf ki, beynəlxalq təşkilatlardan Ermənistan tərəfinə heç bir sərt təpki gəlmədi. Bu baxımdan, sadalanan hallar atəşkəs rejiminin qeyri-sabit olduğunun göstəricisi kimi qəbul edilə bilər. Buna baxmayaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi bərqərar ediləndən bəri cəbhədə həlak olanların sayı barədə rəsmi məlumat açıqlanmır. Nə qədər ağrılı olsa da rəsmi strukturlar müxtəlif bəhanələrlə bu cür məlumatları açıqlamaqdan yayınır. Amma qeyri-rəsmi məlumatlara görə, təkcə 2003-cü ildən bəri cəbhədə 500-dən artıq Azərbaycan vətəndaşı həlak olub. Məxsusi olaraq qeyd edək ki, ermənilər tərəfindən atəşkəs rejiminin pozulması xüsusu günlərdə daha da intensivləşir. Ermənilər Azərbaycanın milli bayramları, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ərəfəsində cədhə xəttində vəziyyəti gərginləşdirirlər. Təbii ki, bu addımlar Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq kampaniyasının tərkib hissəsidir. Çünki ermənilər atəşkəsi pozaraq beynəlxalq aləmə car çəkirlər ki, guya Azərbaycan atəşkəs rejiminə riayət etmir. Belə təxribatçı addımların xüsusən Avropa Şurası Parlament Assambleyasının sessiyaları ərəfəsində baş verməsinin dəfələrlə şahidi olmuşuq. Təbii ki, ermənilərin bu addımı beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin uzadılmasına hesablanıb. Digər tərəfdən, Ermənistanda seçkilər yaxınlaşdıqca hakimiyyət ictimai fikri daxili proseslərdən yayındırmağa çalışır. İctimai rəyi Dağlıq Qarabağ məsələsinə yönəltməklə seçkilərdə baş verəcək saxtakarlığı öpt-basdır etmək niyyəti güdür. Ermənilər bu siyasətə o dərəcədə önəm verirlər ki, hətta ATƏT-in xüsusi nümayəndələrinin cəbhə bölgəsində apardıqlari monitorinq zamanı da atəşkəs rejimini pozmaqdan belə çəkinmirlər. Xatırladaq ki, ermənilər atəşkəs rejimini hətta ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun regiona səfəri ərəfəsində də pozmuşdular ki, bu da onların "qarayaxma" siyasətinin tərkib hissəsi kimi dəyərləndirildi. Ekspertlərin qənaətinə görə, atəşkəs rejiminin pozulmasında ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan qədər məsuliyyət daşıyır. Çünki baş vermiş hadisəyə dərhal reaksiya verilmədiyindən, günahkar tərəfə hər hansı sanksiya tətbiq edilmədiyindən heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmir. Yəni, ATƏT-in dili ilə desək, "atəşkəs rejiminə əməl edilməsinə tərəflərin siyasi iradəsi olmadığı" kimi Minsk qrupunun da "sözünün kəsəri" yoxdur. Görünür bunu anlayan həmsədrlər son bəyanatlarında da ortaq mövqe tutmağa üstünlük veriblər: Tərəflər həmsədr ölkələrin təklif etdikləri imkanlardan yararlanmağa və ya bu sülh prosesində irəliləyiş üçün zəruri olan siyasi qərarlar qəbul etməyə böyük maraq göstərmirlər". Təəssüf ki, həmsədrlər bu məsələdə də məsuliyyəti tərəflər arasında bərabər bölüşdürmək mövqeyində durublar. Eyni zamanda, dünyanın güc mərkəzlərinə mesaj vermək istəyirlər ki, tərəflər hələ də danışıqlar masası arxasında əyləşməyə hazır deyillər. 

Gəlin etiraf edək ki, belə bir bəyanat qarşısında istənilən iddialı dövlətin tutduğu yoldan əl çəkəcəyini gözləmək sadəlövlük olardı. Deməli, bu fikir erməni təxribatına dəstək kimi dəyərləndirilə bilər. 

Alim
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00