“20 illik atəşkəs Azərbaycana güclü ordu qurmaq imkanı verdi” - RƏY
Mütəllim Rəhimli: “Problemin həllini uzatmağa çalışan beynəlxalq qurumlar ayılanda bayrağımızı Xankəndində görməlidir”
12 May 2014 14:34 SiyasətAzərbaycanla Ermənistan arasında atəşkəs rejiminin imzalanmasının 20 ili tamam oldu. Düzdür, ötən 20 il ərzində qüvvədə olan atəşkəs rejimi Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansısa irəliləyişə səbəb olmasa da, bütünlükdə belə bir sazişin imzalanması o dövr üçün mühüm əhəmiyyətli hadisə hesab edilirdi. Bəs görəsən iyirmi illik atəşkəs rejimi Azərbaycana nə verdi? Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli deyir ki, Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalandıqdan sonra vasitəçilərin və beynəlxalq qurumların əsas hədəfi iki ölkə arasında barışıq yaratmaq oldu: "Lakin bu zaman Azərbaycanın işğal olunan torpaqlarının geri qaytarılması, işğalçının cəzalandırılması nəzərdə tutulmayıb. Məqsəd bundan ibarət olub ki, xalq diplomatiyası adı altında Azərbaycan tərəfi işğala məruz qalan ərazi itkiləri ilə barışsın. Hazırda belə bir mənzərənin şahidiyik ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı iri dövlətlər Qarabağ məsələsinin danışıqlar yolu, dinc vasitələrlə nizama salınmasında maraqlıdır və buna cəhd edirlər. Bu yanaşmanın özündə də Azərbaycandan başqa hamının, o cümlədən Ermənistanın maraqları təmin olunur. Vasitəçilər Qarabağ məsələsini işğala məruz qalan tərəfin hüquqlarının bərpa olunmasının vacibliyi, beynəlxalq hüququn tələbləri mövqeyindən deyil, "mövcud reallıqlar və qarşılıqlı güzəştlər" prizmasından həll etməyə çalışırlar. Beynəlxalq təşkilatlar, regiona investisiya qoymuş xarici dövlətlər, öz məqsədinə nail olmuş Ermənistan müharibənin yenidən qızışmasını istəmirlər. Yenə də əksəriyyət Qarabağ məsələsinin "sivil normalara, ümumbəşəri dəyərlər"ə uyğun həll olunmasını tələb edir, danışıqlar yolunun, xalqlar arasında anlaşmanın alternativini görmürlər. Bütün bunları nəzərə alaraq və aparılan uzunmüddətli müşahidələrə əsasən demək olar ki, 20 illik atəşkəs Azərbaycana yalnız güclü ordu qurmaq imkanı verib. Ona görə də Azərbaycan problemin həllində yalnız öz gücünə arxalanmalı və hərbi yolla torpaqlarımızı işğalçılardan təmizləməlidir. Bunun üçün güclü ordumuz, xalqımızın iradəsi və döyüş əzmi var". Mütəllim Rəhimlinin sözlərinə görə, müntəzəm olaraq ermənilərin atəşkəs rejimini pozması onu deməyə əsas verir ki, bu ölkə özünü hələ də qalib kimi göstərməyə çalışır: "O bununla bağlı bir növ Azərbaycana psixoloji təsir etməyə, bizi gərginlik altında saxlamağa çalışır. Beləliklə də öz vətəndaşları arasında ictimai fikrin Azərbaycan qarşısında qorxuya düşməsinin qarşısını alır. Çünki rəsmi statistika da sübut edir ki, təkcə Azərbaycanın hərbi büdcəsi Ermənistan dövlətinin büdcəsindən çoxdur. Bu faktları sıravi ermənilər də bilir. Ona görə də Ermənistan rəhbərliyinin torpaqlarımızı işğal etdiyi illərdəki durumunda və gücündə olduğu obrazını qorumağa çalışır. Atəşkəsin qarşı tərəfdən mütəmadi olaraq pozulması həm də beynəlxalq qurumlara bir təzyiqdir. Ermənistan bununla onlara deməyə çalışır ki, ondan güzəşt tələb etməsinlər, yoxsa müharibə başlana bilər". Politoloqun sözlərinə görə, hər ötən il Azərbaycanın xeyirinə işləmir: "Artıq işğal olunan ərazilərdə böyüyəcək nəslin 20 yaşı var və onlar Qarabağa anadan olduqları yer kimi yanaşa bilmirlər. Bu əraziləri 20 yaş həddində olan gənclərimizin görmək imkanları da yoxdur. Onlar yalnız tarix kitablarından bu torpaqlar barədə oxuyurlar. Bir müddət sonra isə biz Göyçə və Zəngəzur haqda oxuyub hansı hissləri keçiririksə, onlar da eyni hissləri yaşayacaqlar. Ona görə də qəti addımların atılması zərurəti yaranıb. Bunu isə elan etməyə, dünyaya car çəkməyə ehtiyac yoxdur. Azərbaycan müharibəyə başlamalı və tez bir şəkildə işğal olunan ərazilərini işğalçılardan təmizləməlidir. Problemin həllini uzatmağa çalışan beynəlxalq qurumlar ayılanda bayrağımızı Xankəndində görməlidir". Mütəllim Rəhimli hazırkı vəziyyətdə Dağlıq Qarabağ problemi ətrafında gedən prosesləri də dəyərləndirib: "Görünən odur ki, Dağlıq Qarabağ problemi regiona təsir etmək məqsədilə dondurulmuş şəkildə saxlanılmaqdadır. Mən problemin konservləşdirilməsində Rusiya, Birləşmiş Ştatlar və Avropa ölkələrinin günahının eyni olduğuna inanıram. Çünki hər üçünün regionda marağı var və onu reallaşdırmaq əzmindədir. Onların davranışları göstərir ki, gələcəkdə də məsələni Ermənistanın xeyrinə həll etməyi düşünürlər. Təbii ki, burada xristian təəssübkeşliyi mühüm rol oynayır. Çünki onların fikrincə, etibarlı müttəfiqləri müsəlman Azərbaycanı yox, xristian Ermənistanı ola bilər". Politoloq bildirib ki, beynəlxalq təşkilatların vasitəçiliyilə Qarabağ probleminin həllinə ümid bəsləmək sadəlövhlükdən başqa bir şey deyil: "Yəni Ukrayna hadisələri başlamamışdan əvvəl də Qarabağ məsələsinin həlli gündəmdə deyildi. Problem ətrafında vaxtaşırı yaradılan hay-küy isə ictimai fikri sakitləşdirmək və yönəltməkdən başqa heç nəyə xidmət etməyib. Düşünürəm ki, əksinə Ukrayna hadisələri Dağlıq Qarabağın azad edilməsi üçün şans yaradıb. Beynəlxalq güclərin Ukraynada toqquşduğu bir vaxtda Azərbaycan hücuma keçərək öz torpaqlarını azad etməlidir".
Süleyman İsmayılbəyli