Fransa prezidentinin regiona səfəri nədən xəbər verir? - ŞƏRH

Elman Nəsirov: “Səfərin birinci Azərbaycandan başlamasının da xüsusi rolu var”

"Şahmat dili ilə desək, Azərbaycan ağ fiqurlarla oynamış olur"

Fransa prezidenti Fransua Olland Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşən Fransanın dövlət başçısı Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə də tanış olub. Səfərlə bağlı ən yadda qalan məqamlar isə Fransa prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlar, eləcə də regionda cərəyan edən proseslər barədə fransalı qonağın səsləndirdiyi bəyanatlar olub. Bəs görəsən Fransua Ollandın Cənubi Qafqaz turnesi Dağlıq Qarabağ probleminin həllinə hansısa formada təsir göstərəcəkmi?

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov hesab edir ki, Fransa prezidentinin Cənubi Qafqaz regionu, eləcə də Azərbaycana səfəri böyük siyasi əhəmiyyətə malikdir: "Səfərin birinci Azərbaycandan başlamasının da xüsusi rolu var. Şahmat dili ilə desək Azərbaycan ağ fiqurlarla oynamış olur. Azərbaycandan sonra Fransua Olland Ermənistan və Gürcüstana səfər edəcək. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin səfərdən əvvəl verdiyi məlumata görə həm Azərbaycan, həm də Ermənistanda əsas diqqət mərkəzində saxlanılan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq. Məsələyə bu kontekstdə yanaşdıqda heç şübhəsiz ki, Azərbaycan və Ermənistanda çox ciddi müzakirələrin aparılacağı proqnozlaşdırılır. Mən Azərbaycanın ağ fiqurlarla oynadığını deyəndə onu nəzərdə tuturam ki, Fransa dövlət başçısı burada obyektiv, real informasiyalar alacaq. Bunun ardınca isə Fransua Olland Ermənistana səfər edəcək". Politoloq onu da deyir ki, Fransada çox güclü erməni lobbisi və diasporu var və onlar hər zaman antiAzərbaycan təbliğat maşınını işlək vəziyyətdə saxlayırlar: "Bu təbii ki, indiyə qədər Fransa prezidentinin mövqeyi və səsləndirdiyi bəyanatlara da təsirsiz qalmayıb. Xüsusilə, qondarma erməni "soyqırımı"nın 99 illiyi ilə bağlı çıxışında o, "soyqırımı" tanımadığına görə cəza verilməsinin bütün Avropada tətbiq edilməsinə çağırış etmişdi. Eyni zamanda 2015-ci ildə, qondarma "soyqırımı"n 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün yenidən Ermənistana səfər edəcəyini bəyan etmişdi". Elman Nəsirovun sözlərinə görə, səfərə çoxtərəfli format baxımından da yanaşmaq lazımdır. Politoloq hesab edir ki, Fransa prezidenti eyni zamanda Avropa İttifaqının adından səfər edə bilir: "Çünki Fransa Avropa İttifaqında iki lokomotiv dövlətdən biridir. Ona görə də enerji təhlükəsizliyi məsələlərinin çox ciddi müzakirə predmeti olacağını proqnozlaşdırmaq olar. Nəzərə alsaq ki, Ukrayna böhranı və Krımın ilhaqı kontekstində Rusiya ilə Qərbin, eyni zamanda Fransa ilə münasibətləri xeyli gərginləşib. Belə olan təqdirdə Avropa İttifaqı Azərbaycana alternativ enerji mənbəyi kimi baxır. Heç şübhəsiz ki, bu da Rusiyada müsbət qarşılanmır. Təsadüfi deyil ki, Rusiya mətbuatı Fransa prezidentinin regiona səfərini Qərbin, Parisin Rusiyaya təzyiqi kimi qiymətləndirib. Bu da bir daha onu təsdiqləyir ki, Fransa prezidentinin səfəri zamanı çox ciddi geopolitik məsələlər diqqət mərkəzində saxlanılacaq". Politoloq onu da bildirib ki, Fransa prezidenti ilk gündən Azərbaycan haqqında öz təəssüratlarını paylaşıb: "O, Azərbaycanı çox sürətli iqtisadi inkişaf tempinə malik dövlət kimi dəyərləndirib. Eyni zamanda Azərbaycanla iqtisadiyyat, şəhərsalma, turizm, nəqliyyat sahələrində əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Fransa prezidenti humanitar sahədə əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb, Bakı şəhərində fransız məktəbinin olmasını müsbət hadisə kimi dəyərləndirib. Bütün bunlar bir daha təsdiqləyir ki, bu səfər əbəs yerə Ermənistanda həyəcanla qarşılanmır. Çünki Ermənistan tərəfi artıq onun fərqindədir ki, onların dezinformasiya maşını antiAzərbaycan təbliğatı ilə məşğuldur. Ancaq Fransa prezidentinin Bakıya səfəri ilə əsl həqiqətlər üzə çıxır, aşkarlanır. Fransa prezidenti öz gözü ilə görür ki, Azərbaycan xalqı qurucu, yaradıcı xalqdır və belə xalq işğalçı ola bilməz. Əksinə işğala məruz qalan tərəfdir". Elman Nəsirovun qənaətincə Fransa prezidenti Dağlıq Qarabağ probleminin həllinə bundan sonra daha artıq diqqət yetirəcəyini bildirib ki, bu da mühüm əhəmiyyət kəsb edir: "Ona görə də hesab edirəm ki, bu səfər təkcə Azərbaycan və Fransa əlaqələrinin inkişafı baxımından deyil, eyni zamanda Parislə Bakının Avropa İttifaqı kontekstində əlaqələrinin inkişafı baxımından da əhəmiyyətlidir".

S. İsmayılbəyli  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00