Deputatlarımız Afinaya səfər ediblər
12 May 2014 13:58 SiyasətMilli Məclisin deputatları Asəf Hacıyev, Jalə Əliyeva, Mübariz Qurbanlı, Ayaz Orucov və Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 43-cü plenar iclasında iştirak etmək üçün Yunanıstanın paytaxtı Afinaya səfər ediblər. Milli Məclisdən verilən məlumata görə, mayın 13-də Afinada qurumun Baş Assambleyasının növbəti plenar iclası öz işinə başlayacaq. Tədbirdə QDİƏT regionunda yeni iş yerlərinin yaradılması, tikinti və memarlıqda müasir texnologiyaların tətbiqi, regional əməkdaşlığın genişləndirilməsində yerli özünüidarəetmənin rolu, məşğulluq siyasəti ilə bağlı məsələlər müzakirə olunacaq.
Toplantıda həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının, Beynəlxalq Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatlar dinləniləcək, təşkilati məsələlərə baxılacaq. Burada Assambleya Bürosunun və Daimi komitənin yığıncaqları da keçiriləcək. Səfər mayın 15-də başa çatacaq.