Azərbaycan oğulları qəhrəmanlıq dastanını yenə yazacaq
9 May 2014 10:42 SiyasətBöyük Vətən Müharibəsi Rusiya və keçmiş postsovet ölkələrində 1941-1945-ci illərdə, İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən addır.
İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci Dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.
Azərbaycan İkinci dünya müharibəsində
İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu, Azərbaycan övladlarının böyük qəhrəmanlıqları, neftimizin əhəmiyyəti danılmazdır. Ulu öndər Heydər Əliyev hər zaman deyirdi: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib". Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirə bilmişdi göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiq görüldü. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər.
İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.
Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen, Ravensburyuk və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstəriblər.
Bir sözlə Azərbaycan xalqı bu müharibədə öz qəhrəmanlığını kifayət qədər sərgiləmiş, həm ön, həm də arxa cəbhədə müharibədə qələbənin qazanılması üçün əllərindən gələni etmişdilər. Müharibə güdənlərdən yarısı orada dünyasını dəyişdi, yüzlərlə itgilər oldu. Bu müharibə demək olar ki, bütün Azərbaycan ailələləri üçün itgilərlə yadda qaldı. Ağır mənəvi sınaq, insan itgisi, dəhşətli sıxıntılar o dövrdə insanların əzmini qıra blmədi. Çünki hamı öz torpağı uğrunda vuruşmağı qarşısına məqsəd qoymuşdu. Müharibə mövzusu romanlara, mahnılara çevriildi. İnsanlarda əzmkarlıq yaratdı. Bu gün Azərbaycan xalqın keçmişinə baxanda öz qəhrəmanlıqları ilə öyünməyə haqqı var. İndi torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Əgər bu müharibədə düşmən öz gücü ilə mübarizə aparmış olsaydı, bu ağır nəticə yaranmayacaqdı.
Bu gün sıraları artıq çox seyrəkləşən Vətən müharibəsi qəhrəmanlarının söhbətinə qulaq asanda onların necə əzablara sinə gərdiyinin şahidi olan bugünkü nəsil az zaman içərisində Dağlıq Qarabağ müharibəsinin də bu cür qələbə ilə sonuclanmasını arzu edir. Veteranların da ən böyük arzusu Doğma Vətənin qələbəsini öz oğul, nəvələri ilə birlikdə qeyd etməkdir. Allah tezliklə bu günü bizə qismət etsin!