“ABŞ-ın Dağlıq Qarabağ mövqeyi Azərbaycanın lehinədir” - AÇIQLAMA
Qabil Hüseynli: “Birləşmiş Ştatlar bunları nəzərə alıb Rusiyanı əlində olan bu kartdan məhrum etməyə çalışır”
8 May 2014 15:49 SiyasətPolitoloq Qabil Hüseynli Azərbaycanla Ermənistan arasında Bişkekdə atəşkəs haqqında imzalanmış müqavilənin vaxtının bitməsi və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində aktivliyini artırması barədə məsələlərə münasibət bildirib. Q.Hüseynli qeyd edib ki, Ermənistan və Azərbaycan arasında imzalanmış Bişkek müqaviləsinin vaxtı hələ bitmir: "Anlaşmaya görə, əgər tərəflərdən biri vaxt başa çatandan sonra etiraz etməsə, müqavilənin müddəti avtomatik olaraq uzadılır. Bişkek protokoluna dair şifahi fikir mübadiləsi aparmaq olar, amma müqavilə qüvvədən düşməyib". Qabil Hüseynli hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllindəki aktivliyi obyektivliyə əsaslanır. Politoloq vurğulayıb ki, ABŞ ilk dəfə Azərbaycan torpaqlarının işğal edilməsi barədə bəyanat yaydı: "Amma Ermənistanın adını çəkmədi. Bu irəliyə doğru atılmış yarım addımdır. ABŞ-ın bu səyləri bütün post-sovet məkanında aktivliyinin artması deməkdir. Ağ Ev indi başa düşür ki, keçmiş SSRİ sahəsində olan münaqişələr bu çərçivədə olan dövlətlərə Rusiya tərəfindən təsir vasitəsidir. Moskva həmin vasitələrdən məharətlə istifadə edir. Birləşmiş Ştatlar bunları nəzərə alıb Rusiyanı əlində olan bu kartdan məhrum etməyə çalışır". ("OLAYLAR" İA)