Bizə problemləri elə SSRİ yaradıb

SSRİ-nin gülünü dərdik, Rusiyadan gülab çəkəcəyik

Məşədi  Cəfər

Təzəlikçə bir dəb düşüb: mənfi nə baş verirsə, yazırlar:SSRİ zamanı olsaydı, belə olmazdı. Kriminal baş verir, SSRİ yada düşür, avtobus gecikir, metro tuneldə qalır, sovet nostaljisi baş qaldırır. Təhsildə, səhiyyədə hansısa problem ortaya çıxır, yenə SSRİ yada düşür. O gün sovetpərəstlər lap gül vurdu. Şuşanın işğalı günü biri yazır ki, SSRİ olsaydı, Şuşa da bizdə olardı. Hər şeyi anladıq, amma burda lap ağ oldu axı. Sovet dövründə təhsil, səhiyyə pulsuz, yediyimiz qida təmiz idi, GMO-zad bilməzdik. Amma bu təkcə SSRİ-də deyildi axı. Bütün avtoritar, totalitar dövlətlərdə iqtisadiyyata, ticarətə total nəzarət olduğu üçün GMO məhsullar bazara ayaq aça bilmirdi, xaricdən gətirilmirdi. SSRİ totalitar dövlət olduğundan bütün varidatını təhsilə, səhiyyəyə, elmə, silahlanmaya yönəldirdi. Ona görə də işsizlik az idi, amma əhalinin əksəriyyəti də kasıb yaşayırdı. Elmi, biliyi, bacarığı  ilə pul qazananlar, ev tikdirənlər, maşın alanlar bunu gizlədir, başqalarının adına sənədləşdirirdilər. Tərifli Sovet təhsili sentyabrın 1-də başlanırdı, ancaq kənd yerlərində, xüsusilə də pambıqçılıq rayonlarında  məktəblilər iki ay pambıq yığmağa göndərilirdilər. Ali və orta ixtisas, hətta peşə məktəblərinin tələbələri pambıq yığmağa aparılırdı. 3 ay yay tətili, 2 ay da pambıq mövsümü tələbələri, məktəbliləri dərsdən yayındırırdı. İnfeksion, ürək-damar, şiş xəstəlikləri sovet vaxtı da vardı. Yol qəzaları, toyda bıçaqlanma, narkotika, oğurluq sovet dövründə də vardı. Qarabağlı, şuşalı günlərimizə gəlincə, düzdü, sovet dövründə bu torpaqlar bizim idi. Ancaq onu kim əlimizdən aldı? Ümumiyyətlə, SSRİ niyə dağıldı? Unudanların yadına salaq ki, SSRİ adlanan nəhəng dövlət 1988-ci ildə erməni  millətçilərinin Qarabağda başladığı separatçılıq hərəkətlərinin böyüyüb vəba kimi bütün ölkəyə yayılması səbəbindən  dağıldı. SSRİ-nin son günləri yaxşı yadımızdadı. Ermənilər Qarabağda min hoqqadan çıxır, Bakıda etiraz aksiyaları keçirilir, lakin Moskvadan səs çıxmırdı. Moskva açıq-aşkar ermənilərin tərəfini tutur, separatçılığa rəvac verirdi. Bəlkə Azərbaycan Milli Azadlıq Hərəkatı olmasaydı, Moskva Dağlıq Qarabağı ermənilərə bağışlamışdı. SSRİ rəhbərliyinin Qarabağ siyasəti haqqında müxtəlif fikirlər vardı. Gah deyirdilər ki, Mixail Qorbaçovun mərhum xanımı Raisa xaricdəki erməni diasporasından aldığı qızılların müqabilində DQMV-in ermənilərə bağışlanmasına ərini razı sala bilib. Gah da deyirdilər ki, Qorbaçovun özü Qarabağın xristian dindaşlarına verilməsindən yanadır.  Baş verənlər deyilənlərə əsas da yaradırdı. O vaxtlar elə bilirdik ki, dünyanın mərkəzi elə SSRİ-dir. Ruspərəstlər də təbliğat aparırdı ki, (eynilə indi Rusiyanı sevənlər kimi) bəs biz müstəqil ola bilmərik. Amma müstəqil olduq. Bəlli oldu ki, biz Rusiyasız da keçinə bilərik. Məlum oldu ki, Ermənistan adlanan qondarma dövləti qədim türk torpaqlarına erməniləri köçürməklə elə Rusiya yaradıb, indi də üstümüzə salıb. Bəlli oldu ki, Laçını, Şuşanı alıb erməniyə verən də elə Rusiyadır. 20 il keçib e, cəmi üstündən. Yaddaşımız korşalmayıb. O günü yaşayanlar ölməyib. Moskva elə həmin Moskvadır. Türkə düşmən, erməniyə yandaş. Heç kimi aldada bilməzsiniz, heç olmasa özünüzü aldatmayın, ay rus yanlılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00