Azərbaycanın iqtisadi inkişafı ulu öndərin adı ilə bağlıdır

Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Çünki geosiyasi çəkişmələrə səbəb olan iqtisadi amillər hər zaman dünya ölkələrinin xarici siyasətində əsas istiqamətverici qüvvələrdən biridir.

Bu baxımdan Azərbaycanın taleyində də ciddi sınaqlar və mürəkkəb tarixi mərhələlər az olmayıb. Son olaraq, XX əsrin sonlarına təsadüf edən sosial-iqtisadi və siyasi katakilizmlər müstəqillik yolunda ilk addımlarını atan ölkəmizi ciddi təhlükələrlə üz-üzə qoydu. Lakin xalqımız sarsılmadı, öz gücünə və layiqli övladlarının qüvvəsinə inanaraq gələcəyə nikbin baxdı.
Xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev nəinki ictimai-siyasi baxımdan böyük təcrübəyə malik olduğunu, eyni zamanda iqtisadi cəhətdən kifayət qədər uzaqgörən strateq olduğunu sübuta yetirdi. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatı ötən əsrin 90-cı illərinin əvvəlllərindəki tənəzzüldən sabitliyə, sonrakı illərdə isə inkişaf və tərəqqi mərhələsinə qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin qeyd etdiyi kimi "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".
Ulu öndər demək olar ki, tamamilə dağılmış ölkə iqtisadiyyatını dirçəltmək və xalqın rifah halını yüksəltmək üçün sosial-iqtisadi potensialdan səmərəli
istifadənin vacibliyinə xüsusi diqqət yetirdi. Həmin gərgin dövrdə ümummilli liderimiz bildirirdi ki: "...Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".
Ölkədə sabitliyin bərqərar olması ilə Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, azad iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya yönündə təsirli addımlar atıldı. Ardıcıl və məqsədyönlü siyasət nəticəsində əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin yüksəlməsi, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların parlaq nəticələri bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Burada ən əsas məqam ondan ibarətdir ki, həmin dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.
Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı. Hazırda həmin tarixi dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı.
Sənaye sahəsi ilə yanaşı, Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada kənd təsərrüfatının inkişaf ilə bağlı çoxsaylı normativ-hüquqi akt qəbul edildi, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşdirildi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı.
İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənir,
möhkəmlənir və inkişaf edirdi. İnflyasiyanın 1995-ci ildən başlayaraq sabitləşmə prosesi müşahidə edildi, ölkənin maliyyə vəziyyətinin yaxşılaşması, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artması təmin olundu.
Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi prosesinə nüfuzlu beynəlxalq maliyyə qurumları və iqtisadi təsisatlar cəlb olunmuşdu. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin, valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində qısa zamanda ölkəmizdə makroiqtisadi sabitlik təmin edildi.
Azərbaycan Respublikasının iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olmuşdur. Müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı ölkələrinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistan) ən məşhur neft şirkətləri (Amoko, BP, MakDermott, Yunokal, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanmışdır.
Azərbaycan üçün böyük tarixi, siyasi, iqtisadi, bir sözlə, həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyevin özünün də vurğuladığı kimi, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən strateji kurs Azərbaycanı müasir dünyanın modern, davamlı və etibarlı tərəqqi yolu ilə inamla irəliləyən ölkələri sırasına çıxarmışdır. Bütün bunları yüksək siyasi dəqiqliklə ifadə edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".
"Əsrin müqaviləsi"nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəməri işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsinə nail oldu. Çoxsaylı çətinliklərə baxmayaraq Heydər Əliyevin seçdiyi yol uğurlu oldu, Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi.
Heydər Əliyev neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də daim yaddaşlarda yaşayacaqdır. Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi
köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.
Məhz ulu öndərin strateji siyasətinin və Heydər Əliyev kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyətinin nəticəsidir ki, Azərbaycan inkişaf göstəricilərinə görə artıq bəzi aparıcı ölkələri də qabaqlayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının dünya ölkələri üzrə 2013-cü ilə dair "İnsan İnkişafı Hesabatı"nda Azərbaycan insan inkişafı indeksinə görə dünya dövlətləri reytinqində 82-ci yeri tutur. Hesabatda dünya ölkələrinin iqtisadi inkişaf və sosial göstəriciləri, vətəndaşlarının həyat səviyyəsi, yaşayış imkanları, sosial müdafiəsi, səhiyyə və digər tibbi xidmətlər üzrə göstəricilər, elm, təhsil, mədəniyyət, idman sahəsində vəziyyət, ekoloji mühit, ictimai sabitlik və digər sahələr üzrə araşdırmaların nəticəsində ümumi qiymətləndirmə meyarı müəyyən olunub.
Dünya ölkələrinin insan inkişafı indeksi üzrə göstəricilərinə diqqət yetirdikdə, son illər Azərbaycanın bu indikatorlar üzrə xeyli irəliləyişlər əldə etdiyini görmək olar. Xüsusulə də, son 10 ildə insan amili ilə bağlı indekslər üzrə respublikamızın mövqeyi dünya dövlətləri sırasında əhəmiyyətli dərəcədə yüksəlib. Ölkəmiz insan inkişafı indeksinin orta illik tempinə görə MDB dövlətləri arasında son 10 il ərzində ən yaxşı nəticə əldə edən dövlət hesab olunur.
İqtisadi artım 4 dəfə, ixracın 15 dəfə, valyuta ehtiyatlarının 31 dəfə artması bunun bariz göstəriciləridir. Bu davamlı inkişaf makroiqtisadi sabitlik şəraitində əldə olunub - orta illik inflyasiya 7 faiz, manatın məzənnəsinin orta illik dəyişməsi tempi isə 1 faiz ətrafında olub. Belə bir mühitdə ölkənin maliyyə sektorunun əsas göstəriciləri 15-20 dəfə artıb.
Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014" ("The Global Information Technology Report 2014") illik hesabatında Azərbaycan informasiya texnologiyaları sahəsində
ölkələrin inkişafını əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə isə ötən ilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.
Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünyaya səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, yeni iş yerlərinin açılması prosesinin stimullaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin, həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması kimi vəzifələri aid etmək olar.
Azərbaycanın sosial-iqtisadi inkişaf yolunun uğurlarına qısa nəzər salmaqla bir daha ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətinin strateji xarakterini görmüş olduq. Heç bir şübhə yoxdur ki, bu yolda qazandığımız nailiyyətlər daha da genişlənəcək və Azərbaycan qısa zamanda qarşıya qoyduğu bütün hədəflərə çatacaqdır.

Nuran Cavid qızı İsmayılova
Azərbaycan Kooperasiya Universitetinin
2-ci kurs tələbəsi

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00