AXCP Milli Şuranı buraxıb Müsavatla əməkdaşlığa başlayacaq - SİYASİ ŞƏRH
Ənənəvi müxalifətin umu-küsünü kənara qoyub birləşməkdən başqa yolu qalmayıb
8 May 2014 13:16 SiyasətMüsavat başqanının müavini Səxavət Əlisoy müxalifətin yeni birliyinin yaranması təklifi ilə çıxış edib. Əlisoy daha çox öz partiyasına qəzəbli şəkildə bəyan edib ki, müxalifətin birləşməkdən başqa yolu qalmayıb. Səxavət Əlisoy Müsavatın ən ərköyün funksionerlərindən biri kimi tanınır. Ona bu statusu özləri verib ki, lazım gələn anda partiyanın mesajını çatdıra bilsin. Əvvəllər bu status Rauf Arifoğlunda idi. Ancaq ötən il və bu ilin əvvəli Milli Şura ilə bağlı prosesdə Rauf Arifoğlu açıq-aşkar AXCP ilə üz-üzə gəldi, tərəfə çevrildi, indi onu müxalifət daxilində neytral adam kimi qəbul etmirlər. Xatırladaq ki, AXCP-də bu status Xaliq Bahadırdadır. Xaliq bəy azad, müstəqil adam kimi təqdim olunur. Bəzən AXCP rəhbərlərinin deyə bilmədiyi sözü Xaliq Bahadır deyir. Müsavatda hazırda "ərköyün funksioner" statusunda olan adam Səxavət Əlisoydur. Səxavət Əlisoy Milli Şura məsələsində də Müsavat rəhbərliyinin mövqeyinə zidd fikirlər səsləndirmişdi. İndi S.Əlisoy müxaliftəin birliyindən danışırsa, deməli, bunu Müsavat rəhbərliyi istəyir.
Əslində müxalifət elə bir duruma düşüb ki, birgə hərəkətdən başqa yol da yoxdu. Müsavat Milli Şuranı tərk edən zaman AXCP İsa Qəmbəri və partiyasını sıradan çıxaracağına inanırdı. 2 ay AXCP-nin qara piar maşını Müsavatı hədəfə aldı. Ancaq nə baş verdi? Cəmiyyət Milli Şura ətrafında toparlanmadı. Müsavatın ardınca El hərəkatı, sonra isə KXCP qurumu tərk etdi. Hazırda Milli Şurada AXCP-dən başqa ictimaiyyətin adını belə unutduğu bir neçə cırtdan partiya, Gültəkin Hacıbəyli və daha bir neçə müstəqil qalıb. Əli Kərimli, Fuad Qəhrəmanlı çox çalışsalar da, bundan artığına nail ola bilmədilər. Bu adamların 2000-ci ilə qədərki mövqeləri bəlli olduğundan cəmiyyətdə "Yurd" qrupuna inam yoxdur. Onlar ana müxalifət ola bilməzlər. Müsavat nə qədər nüfuzunu itirsə də, yenə də AXCP-yə nisbətən müxalifət imicini qoruyub saxlamış partiyadır.
Bunu AXCP-də də bilirlər. Gələn xəbərlərə görə, AXCP də Müsavatla əməkdaşlıqda maraqlı görünür. AXCP rəhbərləri anlayır ki, 2015-ci ilə qədər Müsavatın da iştirakı ilə böyük birlik yaranmasa, parlament seçkilərində müxalifəti toparlamaq mümkün olmayacaq. AXCP seçkiyə Milli Şura ilə getməyi daha çox istəyərdi. Ancaq Milli Şura ötənilki effektini itirib. Üstəlik, Rusiyanın aqressiv işğalçılıq siyasəti gücləndiyindən Moskvaya bağlı qurumların populyarlığı da azalıb. İndi müxalifət daha çox Qərbmeylli görünməyə çalışır. Bu baxımdan AXCP-nin Milli Şuranı buraxıb yenidən Qərbmeylli koalisiya yaratması tamamilə real görünür.
Böyük ehtimalla, payızda yeni siyasi birliyin əsası qoyulacaq. AXCP, AVİP, ADP və Müsavatın yer alacağı siyasi birlik dah çox Rusiyaya qarşı nəzərdə tutulur. Yeri gəlmişkən, Müsavatla AXCP arasında umu-küsünün aradan qaldırılmasına yol açan amillərdən biri də Rusiya faktorudur. Yəqin ki, partiyalar elə bu tezislə əməkdaşlığı bərpa edəcəklər: "Rusiya təhlükəsi var, milli qüvvələr birləşməlidir".