Pekin Qarabağda təhlükəsizliyin təmin olunmasında maraqlıdır -SƏBƏB- ÖZƏL
26 Noyabr 13:30 SiyasətNoyabrın 24-də Ağdamda Çin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə işlərinə növbəti maliyyə dəstəyini təqdim edib. Bu dəstək Bakı-Pekin strateji tərəfdaşlığının praktiki təzahürü olmaqla, Böyük Qayıdışın sürətləndirilməsi və Qarabağda təhlükəsizliyin təmin olunmasına töhfə verir. Eyni zamanda, iki ölkə arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın, o cümlədən postmünaqişə bərpası sahəsində genişlənməsi üçün yeni imkanlar yaradır.
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Çinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarına humanitar yardım göstərilməsi ilə bağlı mövqeyi Çin və Azərbaycan liderləri arasında 2025-ci ildə imzalanmış Strateji Hərtərəfli Əməkdaşlıq haqqında Memorandumun müəyyənləşdirdiyi tələb və öhdəliklərdən irəli gəlir. Belə yardımların göstərilməsində məlum memorandum hüquqi baza rolunu oynayır. Məlumdur ki, Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinə siyasi dəstək verən 150 dövlətdən biridir. Çinin sözügedən layihəsinin uğurla icrası rəsmi Bakının Orta Dəhlizlə bağlı mövqeyindən əhəmiyyətli dərəcədə asılıdır. Digər tərəfdən, Orta Dəhlizin üzərində yerləşdiyi Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, regional əməkdaşlığın genişləndirilməsi vacibdir. Çin müəyyən layihələrə dəstək verməklə Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, qarşılıqlı etimad və güvənə əsaslanan münasibətlərin genişləndirilməsinə töhfə vermiş olur.
Orta Dəhliz üzərindən keçən marşrutlarda geostrateji mövqeyə və çəkiyə malik dövlət kimi beynəlxalq birlik tərəfindən "orta güc" statusunda qəbul edilən Azərbaycanla hərtərəfli strateji əməkdaşlıq rəsmi Pekinin regional və qlobal təhlükəsizliklə bağlı maraqlarına cavab verir".
Zeynəb Mustafazadə