Azərbaycan-Özbəkistan parlamentləri arasında yeni Yol xəritəsi: Türk dünyasına nə vəd edir?- ÖZƏL
26 Noyabr 13:19 SiyasətNoyabrın 25-də ikinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində iki ölkənin parlamentləri arasında 2027-2028-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar. Sənəd parlamentlərarası əlaqələrin genişləndirilməsini, qanunvericilik sahəsində təcrübə mübadiləsini və parlament diplomatiyasının inkişafını nəzərdə tutur.
Bu sənəd siyasi və diplomatik münasibətlərə hansı töhfəni verə bilər?
Azərbaycan və Özbəkistanın parlamentlərarası əməkdaşlığının genişlənməsi Türk dünyasında siyasi həmrəyliyin və regional inteqrasiyanın gücləndirilməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan və Özbəkistan parlamentləri arasında 2027-2028-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol xəritəsinin imzalanması iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin institusional baxımdan daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. İmzalanan sənəd parlamentlərarası münasibətləri daha sistemli və konkret fəaliyyət istiqamətləri əsasında inkişaf etdirmək üçün yeni imkanlar yaradır.
Bu sənədin əhəmiyyətini ilk növbədə Azərbaycan və Özbəkistan arasında son illərdə formalaşmış yüksək siyasi etimad mühitinin davamı kimi qiymətləndirmək lazımdır. Xüsusilə iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafı və 2026-cı ilin avqustunda imzalanmış "Əbədi dostluq Müqaviləsi" əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Belə bir şəraitdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların qanunvericilik müstəvisində dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Yol xəritəsinin əsas üstünlüyü ondan ibarətdir ki, əməkdaşlığı yalnız siyasi bəyanatlar və qarşılıqlı səfərlər səviyyəsində saxlamır, onu konkret institusional mexanizmlərlə möhkəmləndirir. Qanunvericilik sahəsində təcrübə mübadiləsi, parlament komitələri arasında əlaqələrin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq təşkilatlarda mövqelərin əlaqələndirilməsi iki ölkənin qarşılıqlı fəaliyyət imkanlarını artıracaq. Eyni zamanda, parlamentlər iqtisadi, investisiya, nəqliyyat, enerji və humanitar sahələrdə imzalanmış hökumətlərarası razılaşmaların hüquqi təminatının təkmilləşdirilməsinə töhfə verə bilərlər.
Burada mühüm məqam ondan ibarətdir ki, parlament diplomatiyası dövlətlərarası münasibətlərin yalnız əlavə elementi deyil, həm də siyasi dialoqun davamlılığını təmin edən vasitədir. İcra hakimiyyətləri səviyyəsində əldə edilən razılaşmaların parlamentlərdə müzakirəsi, qanunvericilik təşəbbüslərinin uzlaşdırılması və deputatlar arasında daimi əlaqələrin qurulması əməkdaşlığın institusional dayanıqlığını artırır. Bu baxımdan, forum çərçivəsində Parlamentlərarası Əməkdaşlıq Komissiyasının ilk iclasının keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Belə bir mexanizm qarşılıqlı münasibətlərin müntəzəm müzakirəsi və konkret nəticələrin izlənilməsi üçün əlavə imkan yaradır.
Azərbaycan-Özbəkistan parlamentlərarası əməkdaşlığının genişlənməsi Türk dünyasında siyasi həmrəyliyin və regional inteqrasiyanın gücləndirilməsi baxımından da mühüm perspektivlər açır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və təşkilat çərçivəsində siyasi, iqtisadi, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bakı ilə Daşkənd arasında formalaşan sıx siyasi münasibətlər Türk dünyasında ortaq mövqelərin uzlaşdırılması üçün əlavə imkanlar yaradır.
Xüsusilə parlament diplomatiyasının inkişafı Türk Dövlətləri Təşkilatının institusional imkanlarının genişləndirilməsinə xidmət edə bilər. Parlamentlər arasında təcrübə mübadiləsi, qanunvericilik təşəbbüslərinin müzakirəsi, beynəlxalq parlament platformalarında qarşılıqlı dəstək və ortaq mövqelərin formalaşdırılması Türk dövlətlərinin beynəlxalq müstəvidə daha koordinasiyalı çıxış etməsinə şərait yarada bilər. Bu əməkdaşlıq həmçinin Orta Dəhlizin inkişafı, regional nəqliyyat bağlantılarının genişləndirilməsi və iqtisadi inteqrasiyanın sürətləndirilməsi kimi ortaq maraq doğuran məsələlərə siyasi dəstəyin artırılmasına kömək edə bilər.
Bütün bunları nəzərə alraq deyə bilərik ki, 2027-2028-ci illər üçün Yol xəritəsi sadəcə iki parlament arasında əməkdaşlıq sənədi deyil, Azərbaycan-Özbəkistan müttəfiqliyinin daha geniş regional əməkdaşlıq platformasına çevrilməsi baxımından da əhəmiyyətlidir".
Zeynəb Mustafazadə