Tramp-Putin xəttində gizli hesab: Ukrayna danışıqları niyə yenidən canlandı?- ÖZƏL

Uzun müddətdən sonra, daha doğrusu ABŞ-İsrail-İran müharibəsinin başlaması ilə beynəlxalq gündəmdə arxa plana keçən Rusiya-Ukrayna müharibəsində diplomatik proses yenidən canlanır. Vaşinqton Moskva və Kiyev arasında danışıqları yenidən canlandırmağa, tərəfləri üçtərəfli masa ətrafında toplamağa və aylardır donmuş diplomatik kanalları işə salmağa çalışır.
Tramp administrasiyasının xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşnerin sentyabrın 5-də Moskvada Vladimir Putinlə üç saatdan artıq davam edən görüşü, ardınca sentyabrın 6-da Kiyevdə Volodimir Zelenski ilə apardıqları danışıqlar bu strategiyanın mühüm göstəricisidir. Moskva görüşü "konstruktiv", Kiyev görüşü isə "məzmunlu" və "çox mühüm" kimi qiymətləndirilib. Lakin bütün diplomatik nikbinliyə baxmayaraq, ortada hələ nə atəşkəs, nə də sülh müqaviləsi var.
Bu fakt özü prosesin mahiyyətini göstərir: hazırda söhbət müharibənin başa çatmasından deyil, müharibəni diplomatik müstəviyə qaytarmaqdan gedir.

Vaşinqton niyə Ukraynaya yenidən qayıdır?

Burada bir neçə amili paralel nəzərdən keçirmək lazımdır.
Birinci amil ABŞ-ın xarici siyasət gündəliyidir.
İran müharibəsinin uzun müddət Vaşinqtonun diqqətinin əsas hissəsini özünə cəmləməsi Ukrayna istiqamətində əvvəlki diplomatik dinamikanı zəiflətmişdi. ABŞ-ın diqqətinin yenidən Kiyev-Moskva xəttinə yönəlməsi Vaşinqtona göstərmək imkanı verir ki, administrasiya yalnız hərbi qarşıdurmaların iştirakçısı deyil, həm də böyük münaqişələri siyasi-diplomatik yolla həll etməyə çalışan aktordur. Bu baxımdan Ukrayna cəbhəsinin aktivləşdirilməsi Tramp üçün yalnız xarici siyasət məsələsi deyil, həm də siyasi kapital məsələsidir.
Digər tərəfdən bu, ABŞ-da qarşıdakı aralıq seçkilər fonunda Tramp administrasiyası üçün xarici siyasətdə görünən nəticələr xüsusi əhəmiyyət daşıyır. Ukrayna müharibəsinin dayandırılması və ya heç olmasa davamlı atəşkəsə nail olunması Trampa "müharibəni bitirən prezident" imici yaratmaq imkanı verə bilər. Lakin bunu təkcə Trampın reytinqini artırmaq üçün düşünülmüş hazır və təminatlı plan kimi təqdim etmək düzgün olmaz. Bu, daha çox Vaşinqtonun qarşıdakı siyasi dövr üçün diplomatik nəticə əldə etmək marağı kimi qiymətləndirilə bilər.

Avropanın marağı...

İkinci mühüm faktor Avropadır. İran böhranı Avropanın təhlükəsizlik gündəmini dəyişsə də, Rusiya-Ukrayna müharibəsi Avropa üçün daha birbaşa və uzunmüddətli təhlükəsizlik problemi olaraq qalır. Bu səbəbdən Vaşinqtonun Kiyev məsələsini yenidən gündəmə gətirməsi Avropa paytaxtlarının da marağındadır.
Xüsusilə Britaniya, Almaniya və Fransa kimi əsas Avropa dövlətlərinin prosesə cəlb olunması təsadüfi deyil. Kiyev də artıq ABŞ-Rusiya-Ukrayna üçtərəfli mexanizminin mümkün bərpasından danışır. Zelenski həmçinin Avropanın aparıcı dövlətlərinin təhlükəsizlik müşavirləri ilə koordinasiyanın davam etdirilməsini gündəmə gətirib.
Bu isə Vaşinqtonun qarşısında ikiqat məqsəd yaradır:
Bir tərəfdən Moskva ilə danışmaq, digər tərəfdən Avropanı prosesdən kənarda saxlamamaq. Çünki Ukraynanın gələcək təhlükəsizlik sistemi yalnız ABŞ-Rusiya razılaşması ilə müəyyənləşə bilməz. Avropanın maliyyə, hərbi və siyasi imkanları olmadan Kiyevin uzunmüddətli təhlükəsizlik modelini qurmaq çətindir.
Kiyev üçün danışıqlar niyə vacibdir?
Ukrayna da bu prosesdən öz maraqları üçün istifadə etməyə çalışır.
Zelenski üçün qarşıdakı qış xüsusilə ciddi çağırışlar yaradır. Buna görə Kiyev danışıqları yalnız sülh perspektivi kimi deyil, həm də hava hücumundan müdafiə, enerji sistemi, iqtisadi yardım və təhlükəsizlik təminatları məsələlərini Qərbin gündəmində saxlamaq üçün diplomatik platforma kimi görür. Kiyevdəki görüşlərdə təhlükəsizlik və iqtisadi təminatlar, hava hücumundan müdafiə vasitələri və qışa hazırlıq məsələlərinin müzakirə edilməsi bunu açıq göstərir. Başqa sözlə, Zelenski üçün danışıqların əhəmiyyəti yalnız "sülh nə vaxt olacaq?" sualında deyil.
Məsələ həm də budur: Ukrayna müharibə davam edəcəyi halda Qərbdən nə qədər və hansı formada dəstək ala biləcək?
Bu baxımdan Vaşinqtonun yenidən Kiyevə yönəlməsi Zelenski üçün həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan mühüm fürsətdir.

Moskva niyə danışıqlara maraq göstərir?

Ən maraqlı suallardan biri də budur: Moskva niyə yenidən ABŞ vasitəçiliyində danışıqlara gedir?
Çünki Rusiya üçün də diplomatik kanalın açıq saxlanılması faydalıdır. Moskva ABŞ-la birbaşa danışmaqla həm Vaşinqtonun mövqeyini öyrənir, həm də öz tələblərini birbaşa Tramp administrasiyasına çatdırır. Üstəlik, Rusiya danışıqları özünün hərbi mövqeyini diplomatik üstünlüyə çevirmək üçün də istifadə edə bilər.
Kremlin mövqeyində əsas məsələlər dəyişməyib. Moskva münaqişənin "kök səbəblərinin" aradan qaldırılmasını tələb edir və ərazi məsələsində öz mövqeyini qoruyur. ABŞ nümayəndələrinin səfəri zamanı Putin yeni fundamental güzəştlər elan etməyib. Bu isə göstərir ki, Moskvanın danışıqlara gəlməsi onun əvvəlki tələblərindən imtina etdiyi anlamına gəlmir. Əksinə, Kreml diplomatiyanı cəbhədəki vəziyyətlə birlikdə istifadə etdiyi ikinci bir alət kimi görür.

Əsas düyün: ərazi və təhlükəsizlik zəmanətləri

Danışıqların qarşısındakı ən böyük maneə hələ də eynidir.
Ərazi məsələsi. Rusiya Ukraynanın ərazi güzəştlərinə getməsini istəyir. Kiyev isə belə bir güzəşti təhlükəsizlik təminatları olmadan qəbul etmək istəmir. Buna görə də münaqişənin ən çətin düyünü yalnız "atəşkəs" deyil. Atəşkəsdən sonra Ukraynanın təhlükəsizliyinə kim və necə zəmanət verəcək?
Əgər ABŞ və Avropa Kiyevə uzunmüddətli təhlükəsizlik təminatı verə bilməsə, Ukraynanın ərazi məsələsində kompromisə getməsi daha da çətinləşəcək. Digər tərəfdən Rusiya ərazi məsələsində geri addım atmasa, Moskva ilə Kiyev arasında siyasi razılaşmanın əldə edilməsi də son dərəcə mürəkkəb; - dalan mərhələsinə qədəm qoyacaq.

"Böhranın həlli" yoxsa "böhranın idarə olunması"?

Məhz buna görə Uitkof və Kuşnerin səfərindən sonra dərhal sülh müqaviləsi gözləmək siyasi reallığı həddindən artıq sadələşdirmək olar. Hazırda daha real görünən ssenari müharibənin idarə olunması və tərəflərin danışıqlar masasına qaytarılmasıdır.
Bunun üçün tərəflər yaxın perspektivdə yenə əvvəlki qaydada üçtərəfli formatda danışıqlar masasına qayıda bilər. Ağ Ev təmsilçiləri belə bir formatda görüşlərin keçirilməsinə ümid etdiklərini bildiriblər. Deməli, Vaşinqton əvvəlcə tərəflər arasında siyasi kommunikasiyanı bərpa etmək istəyir. Yalnız bundan sonra atəşkəs məsələsi və digər təhlükəsizlik, ərazi məsələləri müzakirə olunacaq. Lakin bu mərhələlərin hər biri əvvəlkindən daha çətin olacaq.

Yaranmış durum nə vəd edir?

Mövcud mənzərə göstərir ki, Uitkof-Kuşner missiyasının əsas nəticəsi hələlik sülh deyil. Əsas məqsəd danışıqların yenidən siyasi gündəmin mərkəzinə qaytarılmasıdır.
Trampın məqsədi müharibəni mümkün qədər tez dayandırmaqdır.
Kiyevin məqsədi təhlükəsizlik təminatı olmadan güzəştə getməməkdir.
Moskvanın məqsədi cəbhədə qazandığı üstünlüyü danışıqlar masasında siyasi nəticəyə çevirməkdir.
Avropanın məqsədi isə Ukraynanın gələcəyinin müəyyənləşdirilməsində prosesdən kənarda qalmamaqdır.
İndi əsas sual artıq "danışıqlar olacaqmı?" deyil. Sual, kimin danışıqlar masasında daha güclü kartla oturmasıdır!

Mürtəza Bünyadlı

Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31