Xəzərin su səviyyəsinin aşağı düşməsi narahatçılıq yaradır- ÖZƏL
15:06 İqtisadiyyat"İqlim dəyişmələri artıq dünyanın müxtəlif su hövzələrində ciddi dəyişikliklər yaradır. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, çay axınlarının zəifləməsi və buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə birbaşa təsir göstərir. Bunun nəticələri ekologiya ilə məhdudlaşmır. Su ehtiyatları ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, ictimai səhiyyə, nəqliyyat, logistika, infrastruktur və sosial rifahla sıx bağlıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Bu baxımdan Xəzər dənizi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Xəzər dünyanın ən böyük daxili su hövzəsidir. Onun ekosistemi, biomüxtəlifliyi, sahilyanı yaşayış məntəqələri, balıqçılıq təsərrüfatı, limanları, energetika infrastrukturu və nəqliyyat əlaqələri Azərbaycan və bütövlükdə region üçün strateji əhəmiyyətə malikdir.
Bu gün bizi xüsusilə düşündürən məsələ Xəzərin su səviyyəsinin aşağı düşməsidir. Suyun geri çəkilməsi sahil xəttinin dəyişməsinə, limanların və nəqliyyat infrastrukturunun fəaliyyətinə, sahilyanı ekosistemlərə və balıqçılıq təsərrüfatına təsir göstərir. Yeni quru sahələrinin yaranması, torpaq örtüyündə dəyişikliklər, şorlaşma və tozlanma kimi proseslər gələcəkdə daha ciddi ekoloji və sosial-iqtisadi nəticələr doğura bilər.
Bu səbəbdən Xəzərə yalnız bu günün problemi kimi baxmaq kifayət etmir. Biz onun qarşıdakı onilliklərdə necə dəyişəcəyini indidən öyrənməli və qərarlarımızı buna uyğun formalaşdırmalıyıq. Burada elmin rolu həlledicidir. Xəzərdə su səviyyəsinin, temperaturun, duzluluğun, kimyəvi tərkibin, biomüxtəlifliyin və sahil xəttinin dəyişməsinin davamlı monitorinqi gələcək qərarların əsasını təşkil etməlidir".