Yaddaşını itirən xalq, gələcəyini də itirər – Cavid İSMAYIL yazır

Cavid  İsmayıl

Tarix bəzən kitabların toz basmış səhifələrində deyil, nənələrin göz yaşında, babaların susqunluğunda, məzarsız qalan insanların xatirəsində yaşayır. Qanlı imperiyalar öz tarixlərini qələbələrlə yazmağa çalışırlar, xalqlar isə öz tarixlərini itirdikləri övladlarla, dağıdılmış yurdlarla və bitməyən həsrətlə xatırlayırlar.
Tarix sübut edir ki, imperiyalar ən çox silahın, xalqlar isə yaddaşın gücünə.
Türk xalqlarının XX əsri məhz belə bir tarixdir.
Çar Rusiyasından Sovet İttifaqına, Sovet İttifaqından müasir Rusiyaya qədər uzanan qanlı rus imperiya siyasəti fərqli adlar daşısa da, bir çox türk xalqının yaddaşında dəyişməyən bir həqiqət var: repressiya, sürgün, assimilyasiya, milli kimliyin məhv edilməsi siyasəti və milli iradənin boğulması.
Beləliklə, Çar Rusiyası XIX əsrdə Qafqazı işğal edərkən məqsəd təkcə sərhədləri genişləndirmək deyildi. Məqsəd həm də regionun siyasi xəritəsini, etnik tərkibini və gələcəyini imperiyanın maraqlarına uyğun formalaşdırmaq idi. Bu siyasət Sovet hakimiyyəti dövründə fərqli ideoloji şüarlarla davam etdi. "Xalqlar dostluğu" ideyası səsləndirilirdi, lakin eyni dövrdə on minlərlə insan "xalq düşməni" damğası ilə güllələnir, milyonlarla insan isə doğma yurdundan didərgin salınırdı.
1937-ci il...
1937-ci ilin repressiyaları təkcə fərdləri deyil, bütöv bir düşüncə məktəbini hədəfə aldı.
Sovet totalitarizmi yalnız insanları öldürmürdü, xalqların hafizəsini məhv etməyə çalışırdı. Azərbaycanın, Krımın, İdil-Uralın, Türküstanın, Şimali Qafqazın yüzlərlə ziyalısı məqsədli olaraq "xalq düşməni" damğası ilə güllələndi.
Azərbaycanın istiqlal ruhunu şeirlərində yaşadan Əhməd Cavad güllələndi. Türk dünyasının görkəmli dilçisi Bəkir Çobanzadə repressiya maşınının qurbanına çevrildi. Hüseyn Cavid uzaq Sibirdə sürgün həyatında məhv edildi. 
Türküstanda Turar Rıskulov, Tatarıstanda, Krımda, Başqırdıstanda və digər bölgələrdə yüzlərlə ziyalı eyni aqibəti yaşadı.
Onların "cinayəti" yalnız türk xalqının düşünən beyni olmaq idi.
Arxivlər göstərir ki, həmin illərdə minlərlə müəllim, alim, şair, yazıçı, din xadimi və dövlət qulluqçusu repressiyaya məruz qaldı. Onların ailələri də uzun illər "xalq düşməninin ailəsi" damğası ilə yaşamağa məcbur edildi.
Ardınca növbə kütləvi olaraq xalqlara çatdı.
1943-cü ildə Qaraçay türkləri, 1944-cü ildə Balkarlar, Krım tatarları, Ahıska (Məsxəti) türkləri, İnquşlar, Çeçenlər. 
Sovet rəhbərliyi bu xalqları kollektiv şəkildə nasist Almaniyası ilə əməkdaşlıqda ittiham etdi və bütöv icmaları sürgün etdi. Tarixçilər qeyd edirlər ki, deportasiya qərarları fərdi məsuliyyət prinsipinə deyil, kollektiv cəza siyasətinə əsaslanırdı.
On minlərlə insan bir gecənin içində evlərindən çıxarılaraq mal-qara daşınan vaqonlara dolduruldu. Onlara nə məhkəmə verildi, nə də müdafiə hüququ tanındı. Min kilometrlərlə uzaqlara sürgün edildi. Qocalar, qadınlar, körpələr yol boyu aclıqdan, susuzluqdan, soyuqdan və xəstəlikdən həyatını itirdi. Yollarda tələf olunan uşaqları, məzarsız insanları düşündükcə insan dəhşətə gəlir. Bir sözlə, kollektiv cəza siyasəti bütöv xalqları "günahkar" elan etdi.
Tarixin ironiyası isə bundan daha ağır idi. Həmin xalqların oğulları Sovet ordusunda Hitler Almaniyasına qarşı döyüşürdülər. Onlar Berlinə gedən yolda qan töküb canlarını qurban verirdilər. Elə həmin günlərdə isə onların anaları, bacıları, həyat yoldaşları və uşaqları mal-qara vaqonlarında Sibirə və Orta Asiyaya sürgün edilirdi.
Minlərlə bu qəhrəman oğullar müharibədə həlak oldu. Onların bir çoxu Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Ancaq həmin əsgərlərin ailələri doğma yurdlarından sürgün edildi. Bu, XX əsrin ən ağır paradokslarından biri idi. Bir oğul dövlət uğrunda canını verir. Həmin dövlət isə onun anasını sürgünə göndərir.
Müharibədən sonra sovet təbliğatı uzun illər qələbəni əsasən "rus əsgərinin qəhrəmanlığı" üzərində qurdu. Halbuki faşizm üzərində qələbə çoxmillətli Sovet İttifaqının bütün xalqlarının, o cümlədən türk xalqlarının da böyük itkiləri və fədakarlıqları hesabına qazanılmışdı. Azərbaycan nefti, Qazaxıstanın sənaye potensialı, Orta Asiyanın resursları, Qafqaz xalqlarının canlı qüvvəsi bu müharibənin mühüm hissəsi idi.
Böyük Vətən müharibəsinin qələbəsi imperiya təbliğat maşınında illərlə "rus əsgərinin qəhrəmanlığı" kimi təqdim edildi. Halbuki həmin qələbədə azərbaycanlıların, qazaxların, özbəklərin, tatarların, qırğızların, qaraçayların, balkarların, kumıkların, noqayların , çeçenlərin, inquşların və digər xalqların yüz minlərlə övladının qanı vardı. Lakin qeyd etdiyimiz kimi, imperiya təbliğatı qələbəni millətlərə yox, əsasən "böyük rus xalqına" aid etdi. Bu gün bu şovinist fikirləri müasir Rusiyanın düşünən beyinləri də açıq şəkildə bəyan edirlər.
Elə bu baxımda qeyd edəcəyim bu fikir, daima öz aktuallığını saxlamaqdasır; " Tarix yalnız döyüş meydanında yazılmır. Tarix həm də kimin xatırlandığı, kimin isə unudulduğu ilə yazılır."
Bu siyasət yalnız keçmişdə qalmadı. 
1932-1933-cü illərdə Qazaxıstanda Kollektivləşdirmə və məcburi köçəri həyat tərzinin dağıdılması nəticəsində milyonlarla qazax qardaşlarımızın həyatına son qoyan aclıq faciəsi xalqın sosial və demoqrafik strukturunu dağıtdı. İnsanlar doğma yurdunu tərk etmək məcburiyyətində qaldı.

İmperiyalar dağılır, imperiya düşüncəsi isə qalır...
1986-cı ilin dekabrında Almatının soyuq küçələrinə çıxan qazax gəncləri əslində vəzifə bölgüsünə deyil, ləyaqət uğrunda etiraz edirdilər. Jeltoqsan hadisələri Sovet İttifaqının çat verməyə başladığının ilk böyük əlamətlərindən biri idi. Moskvanın qərarı ilə respublikanın rəhbərliyinə yerli xalqdan olmayan bir şəxsin təyin edilməsi minlərlə gənci meydanlara çıxardı. Cavab isə tank oldu. Dəyənək oldu. Həbs oldu. İşgəncə oldu. 
Rəsmi rəqəmlər uzun illər gizlədildi. Lakin bir həqiqət dəyişmədi: imperiya yenə də öz vətəndaşını qanını tökdü. Öz vətəndaşına düşmən kimi davrandı.
Üç il sonra...
1989-cu il. Tbilisi. Rustaveli prospekti.
Əlində silah olmayan insanlar. Qarşılarında isə sovet ordusu.
9 Aprel faciəsi Gürcüstanın milli yaddaşına qanla yazıldı. Dinc nümayişin güc yolu ilə dağıdılması, insanların həlak olması və yaralanması Sovet hakimiyyətinin artıq öz legitimliyini itirdiyini göstərən ən faciəli hadisələrdən biri kimi yadda qaldı.
Tarix sanki eyni ssenarini təkrar yazırdı. Yalnız şəhərin adı dəyişirdi.
Sonra növbə Bakıya çatdı.
1990-cı il. Qanlı 20 Yanvar.
Azərbaycan xalqı azadlıq istəyirdi. Cavab yenə də tank oldu.
Gecənin qaranlığında şəhərə daxil olan sovet qoşunları dinc əhaliyə qarşı güc tətbiq etdi. Qadınlar, uşaqlar, yaşlılar, həkimlər, tələbələr, təsadüfi yoldan keçən, evlərində dinc oturan insanlar həlak oldular və yaralandılar.
20 Yanvar yalnız Azərbaycan tarixinin deyil, sovet imperiyasının da mənəvi iflasının simvollarından birinə çevrildi. O gecə Bakının küçələrində axan qan təkcə azərbaycanlıların qanı deyildi. O qan, xırtdəyə qədər qanın içinə gömülən artıq üfunət iyi bürümüş Sovet İttifaqının son legitimlik iddiasını da özü ilə apardı.
SSRİ dağılırdı. Lakin şovinist rus - imperiya düşüncəsi hələ də yaşayır.
1988-ci ildən başlayaraq dədədən türk torpaqları olan Qərbi Azərbaycandan - rus süngüsü hesabına yaradılan Ermənistandan qalan bütün azərbaycanlılar zor gücünə köçürüldü. 
Ardınca müharibə başladı. Azərbaycan torpaqları yenə də imperiyanın növbəti marağı çərçivəsində ermənilərin əliylə işğal edildi.  Minlərlə dinc-günahsız insanımızın qanı axıdıldı. Rusiyanın hərbi hissəsinin birbaşa iştirakı ilə ermənilərin törətdikləri Xocalı soyqırımı, bəşəriyyət üçün utanc verici bir qanlı tarixdir.
Bu dövrdə Ermənistan - Azərbaycan münaqişəsi dərinləşdi. Azərbaycan cəmiyyətində geniş yayılmış baxışa görə, Moskvanın siyasəti uzun müddət Ermənistanın mövqeyini gücləndirdi və münaqişənin həllini çətinləşdirdi. Eyni dövrdə Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlı qovuldu, Xocalıda dinc sakinlər kütləvi şəkildə qətlə yetirildi, Qarabağın digər yaşayış məntəqələrində də ağır faciələr yaşandı.
Otuz ilə yaxın davam edən işğal Azərbaycan xalqının yaddaşında yalnız hərbi məğlubiyyət deyil, həm də beynəlxalq ədalətsizliyin simvoluna çevrildi.
2020-ci ildə 44 günlük şərəf savaşına qalxan Azərbaycan, torpaqlarını hərbi yolla geri qaytardı. Lakin həmin müharibə zamanı da bölgədə Rusiyanın təsir imkanları, atəşkəs prosesində rolu və Cənubi Qafqaz üzərində geosiyasi maraqları geniş müzakirə mövzusu oldu.
Bu gün isə Ukrayna...
Yenə dağıdılmış şəhərlər. Yenə deportasiya olunan insanlar. Yenə raketlər altında ölən uşaqlar. Tarix bəzən fərqli coğrafiyada özünü təkrar edir. Bu müharibədə Ukrayna tərəfində döyüşən azərbaycanlılar və digər türk xalqlarını anlamaq çətin deyil. Onlar haqqın, ədalətin, beynəlxalq hüquq və normaların qorunmasının yanındadırlar.
Bəs Rusiya ordusunda döyüşən minlərlə türk əsilli qardaşarımız siz nəyin uğrunda, kimə görə savaşırsız?!
Burada tarix insana ağır bir sual verir: 1937-ni unutmaq olarmı? Sürgün vaqonlarını unutmaq olarmı? Ahıskanı, Krımı, Qaraçayı, Balkarı unutmaq olarmı? 20 Yanvarı, Jeltoqsanı, 9 Apreli unutmaq olarmı? Qroznının dağıdılmış küçələrini, Çeçenistan müharibəsində həlak olan minlərlə dinc sakini unutmaq olarmı? 
Ey Rusiya uğrunda canını heçə sayıb haqsız savaşda yer alan azərbaycanlı qardaşım, nə tez unutdun Xocalını, Malıbəylini, Quşçuları, Ballıqayanı, Qaradağlını?! 
Saymaqla bitməz!!!
Tarix insanlara kin öyrətməməlidir. Amma yaddaşı da əlindən almamalıdır!!!
Çünki yaddaşını itirən xalq başqalarının yazdığı tarixi yaşamağa məhkum olur.
Unutmayın, imperiyalar adlarını dəyişə bilər. Bayraqlar dəyişə bilər. Paytaxtlar dəyişə bilər. Amma sürgün yollarında ölən körpələrin, güllələnən şairlərin, didərgin salınan ailələrin və işğal nəticəsində doğma yurdunu itirən insanların taleyi unudulmamalıdır. Çünki tarix yalnız keçmiş haqqında deyil. Tarix bu gün verdiyimiz qərarların vicdanıdır.
Və sonda sizə, qandaşlarım olan, hələ də milli kimliyi və milli şüuru istismar edilən tatarlar, başqırdlar, qaraçaylar, balkarlar, kumıklar, noqaylar, saxalar (yakutlar), tuvalılar, çuvaşlar, xakaslar, altaylılar, şorlar, dolqanlar və Rusiyada yaşayan bütün türk xalqlarına səslənirəm:
TARİX SİZƏ EYNİ SUALI VERİR: Siz kimin tarixini daşıyırsınız?
Unutmayın ki, yaddaşını itirən xalq, gələcəyini də itirər!!!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31