Sənaye inkişafı və büdcə daxilolmaları üçün əlavə imkanlar yaranır-Özəl

"Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Müşavirədə yeni Dövlət Proqramı 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesində yeni istehsal zəncirlərinin yaradılması, minlərlə yeni iş yerinin açılması və qeyri-neft ixracının genişləndirilməsinin hədəflərindən bəhs edilib". "Olaylar" xəbər verir ki, bu fikri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. Deputat qeyd edib ki, ölkə başçısının da müşavirədə vurğuladığı kimi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində yeni mərhələ başlayır: "Ölkənin zəngin mineral resurslarının iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi, hasilatdan emala qədər tam istehsal zəncirinin yaradılması və regionlarda yeni sənaye mərkəzlərinin formalaşdırılması dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramının əsas xəttini təşkil edir.

2027-2030-cu illəri əhatə edən proqramın qarşıya qoyduğu hədəflər təkcə yeni yataqların istismarı ilə məhdudlaşmır. Burada daha böyük məqsəd - Azərbaycanın təbii resurslarını yüksək əlavə dəyər yaradan sənaye məhsullarına çevirmək, qeyri-neft sektorunun çəkisini artırmaq və ölkənin ixrac imkanlarını genişləndirməkdir. Sözsüz ki, dağ-mədən sənayesi kapitaltutumlu sahədir. Böyük ilkin investisiyalar tələb etməsinə baxmayaraq, sektorun uzunmüddətli iqtisadi potensialı yüksək qiymətləndirilir. Dövlət Proqramının icrası nəticəsində beş mindən çox daimi iş yerinin yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması və istehsal zəncirinin genişləndirilməsi nəzərdə tutulur".

Deputat vurğulayıb ki, burada əsas məsələ yalnız filizin hasil edilməsi deyil: "Müasir iqtisadiyyatın tələbi xammalın daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsidir. Bu səbəbdən yeni yanaşmada hasilat, zənginləşdirmə, emal və hazır məhsul istehsalı bir-birini tamamlayan mərhələlər kimi nəzərdən keçirilir. Bu model reallaşarsa, faydalı qazıntıların ölkədən xammal kimi çıxarılması əvəzinə, onların əhəmiyyətli hissəsinin Azərbaycan daxilində emal olunması mümkün olacaq. Nəticədə sənaye istehsalı, ixrac gəlirləri və büdcə daxilolmaları üçün əlavə imkanlar yaranacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31