Prezidentin çıxışında əsas məqamlardan biri TDT məkanında mövcud potensialdan səmərəli istifadə ilə bağlı idi-Özəl
14:36 SiyasətPrezidentin çıxışında əsas məqamlardan biri TDT məkanında mövcud potensialdan səmərəli istifadə ilə bağlı idi-Özəl
"Türk dövlətləri arasında münasibətlər siyasi və iqtisadi əlaqələrin genişlənməsi, eyni zamanda təhlükəsizlik, enerji, nəqliyyat, demoqrafiya və beynəlxalq hüquq kimi strateji məsələlər üzrə ortaq yanaşmaların formalaşmasını əhatə edir". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən çıxışında təşkilatın qarşısında duran vəzifələrə, regional təhlükəsizliyə, enerji və nəqliyyat bağlantılarına, eləcə də beynəlxalq hüququn roluna diqqət çəkib. Görüşdə TDT Baş katibi və Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının təhlükəsizlik üzrə yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyevin çıxışında əsas məqamlardan biri TDT məkanında mövcud potensialdan daha səmərəli istifadə olunması məsələsi olub. Dövlət başçısı Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinə malik olduğunu, bu əlaqələrin ikitərəfli formatla yanaşı, təşkilat çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə də təsir etdiyini bildirib. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında birgə investisiya fondlarının yaradılması da iqtisadi əməkdaşlığın konkret istiqamətlərindən biri kimi qeyd olunub.
Azərbaycanın TDT-də fəal rolunun mühüm istiqamətlərindən biri isə enerji və nəqliyyat təhlükəsizliyidir. Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsini, Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında fəal əlaqələrini və enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında iştirakını diqqətə çatdırıb. Bu baxımdan nəqliyyat dəhlizlərinin inkişafı və enerji layihələrinin həyata keçirilməsi yalnız iqtisadi deyil, həm də regional təhlükəsizlik baxımından əhəmiyyət daşıyan məsələlər kimi təqdim olunub".