Deputat: Dağ-mədən sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır-Özəl
14:34 İqtisadiyyatDağ-mədən sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır-Özəl
"Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas strateji vəzifələrdən biri iqtisadiyyatın şaxələndirilməsinin daha da sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının yeni mərhələyə yüksəldilməsi və ölkənin mövcud təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasıdır. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə bu istiqamətdə səsləndirilən fikirlər göstərir ki, dağ-mədən sənayesinə yalnız xammal hasilatı sahəsi kimi deyil, ölkənin sənaye siyasətinin, regional inkişaf strategiyasının və ixrac potensialının mühüm komponentlərindən biri kimi yanaşmaq lazımdır. Azərbaycanın zəngin mineral-xammal ehtiyatları bu sahənin inkişafı üçün ciddi imkanlar yaradır. Lakin müasir iqtisadi yanaşmada əsas məsələ yalnız yeraltı sərvətlərin hasil edilməsi deyil. Əsas hədəf həmin resursların müasir texnologiyalar əsasında emal olunması, əlavə dəyərin ölkə daxilində yaradılması və dağ-mədən sənayesinin digər sahələrlə qarşılıqlı əlaqəsinin gücləndirilməsidir. Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunun şaxələndirilməsi baxımından bir neçə istiqamətdə mühüm imkanlar yaradır. İlk növbədə, bu sahə sənaye istehsalının genişləndirilməsinə və yeni istehsal zəncirlərinin formalaşmasına şərait yarada bilər. Filizin hasilatı ilə məhdudlaşmayan, onun zənginləşdirilməsi, emalı və son məhsula çevrilməsini əhatə edən iqtisadi model daha yüksək əlavə dəyərin ölkə daxilində qalmasına imkan verir. İkinci mühüm istiqamət ixrac potensialıdır. Azərbaycanın enerji resursları üzrə formalaşdırdığı ixrac imkanlarının yanında qeyri-neft məhsullarının, o cümlədən mineral xammal və onun emalından əldə olunan məhsulların xarici bazarlara çıxarılması ixrac strukturunun daha da şaxələndirilməsinə xidmət edə bilər. Bu isə uzunmüddətli perspektivdə ölkənin qeyri-neft ixracının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Dağ-mədən sənayesinin inkişafının regional iqtisadi fəallığa təsiri də xüsusi qeyd olunmalıdır. Mədən layihələrinin həyata keçirildiyi ərazilərdə yeni iş yerlərinin yaradılması, yol, enerji, su və digər infrastrukturun inkişaf etdirilməsi, yerli sahibkarlığın prosesə cəlb olunması həmin regionların iqtisadi potensialının artmasına səbəb ola bilər. Beləliklə, dağ-mədən sənayesi təkcə sənaye göstəricilərinin deyil, regionların sosial-iqtisadi inkişafının da mühüm amilinə çevrilə bilər. Burada mühüm məsələlərdən biri insan kapitalıdır. Müasir dağ-mədən sənayesi yüksək texnologiyalardan, geoloji kəşfiyyatın yeni metodlarından, rəqəmsal monitorinq sistemlərindən, avtomatlaşdırılmış istehsal proseslərindən və müasir idarəetmə mexanizmlərindən istifadəni tələb edir. Bu isə geoloq, mühəndis, texnoloq, ekoloq, İT və digər ixtisaslar üzrə yeni kadr tələbatı yaradır. Deməli, sahənin inkişafı həm də peşə və ali təhsil sisteminin real iqtisadiyyatın ehtiyacları ilə daha sıx əlaqələndirilməsi üçün yeni imkanlar açır".