Ankaranın nəhəng logistika planı: İranın strateji üstünlüyü zəifləyir? – ÖZƏL

Türkiyə tarixi Hicaz Dəmir Yolunu modernləşdirərək onu Səudiyyə Ərəbistanı vasitəsilə Omana qədər uzatmağı planlaşdırır. Layihənin məqsədi Hörmüz boğazından yan keçən alternativ qlobal ticarət marşrutu yaratmaqdır. Eyni zamanda Ankara İraqın Bəsrə limanından Türkiyə sərhədinə qədər uzanacaq 1200 kilometrlik "İnkişaf Yolu" layihəsini də irəli aparır.

"Burada əsas məqsəd Hörmüz boğazından asılılığı azaltmaqdır. Dünya ticarətinin əsas qovşaqlarından biri hesab olunan Hörmüz boğazı son aylarda İran və ABŞ arasında yaşanan gərginlik fonunda yenidən diqqət mərkəzinə gəlib. Bu vəziyyət qlobal iqtisadiyyata və beynəlxalq yükdaşımalar sisteminə ciddi təsir göstərir. Türkiyənin Hicaz dəmir yolu xəttinin bərpası istiqamətində irəli sürdüyü təşəbbüslər də məhz Körfəz ölkələrinin Hörmüz boğazından asılılığını azaltmağa hesablanıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. Ekspert bildirib ki, təxminən 1200 kilometrlik yeni dəmir və avtomobil yollarının inşası nəzərdə tutulur. İlkin hesablamalara görə, layihəyə 17 milyard dollar vəsait sərf olunacaq. Burada əsas məqam ondan ibarətdir ki, dəniz daşımalarından asılılığın azaldılması və quru nəqliyyat marşrutlarının genişləndirilməsi ilə Asiya və Avropa arasında, xüsusilə də Körfəz ölkələri ilə Avropa arasındakı logistika daha etibarlı müstəviyə keçəcək. Bu prosesdə ən mühüm rol oynayan ölkələrdən biri İraqdır. Türkiyə və İraq üzərindən Aralıq dənizinə, qismən də Süveyş kanalı istiqamətinə uzanan böyük logistika xətti formalaşır və bu xəttin yaradılmasında əsas təşəbbüskar rolunu Türkiyə oynayır. Əgər layihə həyata keçirilərsə, İranın və Hörmüz boğazının dünya iqtisadiyyatındakı strateji əhəmiyyəti müəyyən dərəcədə zəifləyə bilər. Nəticədə Körfəz ölkələri Türkiyə və İraq üzərindən Avropaya daha rahat, təhlükəsiz və dayanıqlı şəkildə yük daşımaları həyata keçirə biləcəklər.

"Bu layihənin Orta Dəhlizə təsiri məsələsinə gəldikdə isə, müəyyən təsirlərin olacağı istisna deyil. İranın mövqeyinin zəifləməsi və Hörmüz boğazından asılılığın azalması bəzi istiqamətlərdə Orta Dəhlizə marağın qismən azalmasına səbəb ola bilər. Lakin bu proses Azərbaycan üçün ümumilikdə mənfi deyil. Əksinə, Türkiyənin həyata keçirməyə çalışdığı bu logistika zəncirinin formalaşması Azərbaycan üçün əlavə imkanlar yaradır. Azərbaycan Xəzər dənizi və öz limanları vasitəsilə Gürcüstan və Türkiyə üzərindən Körfəz ölkələrinin Avropaya ixrac marşrutlarında mühüm iştirakçıya çevrilə bilər. Xəzər üzərindən daşınan yüklər Türkiyəyə qədər uzanan bu marşrutda Azərbaycanın rolunu daha da artıracaq. Türkiyə əsas logistika mərkəzi funksiyasını yerinə yetirərkən, Azərbaycan da bu sistemin vacib tərəfdaşlarından biri olacaq. Nəzərə almaq lazımdır ki, Orta Dəhliz layihəsində Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşımaların həyata keçirilməsi, həmçinin Naxçıvan istiqamətinin açılması nəzərdə tutulur. Əgər yeni marşrutlar vasitəsilə yüklər İran və İraq istiqamətindən hərəkət edərək Azərbaycan ərazisindən keçməklə Türkiyə və Avropaya çıxacaqsa, bəzi yük axınlarının istiqaməti dəyişə bilər. Bununla belə, bu marşrut Orta Dəhlizin tam alternativi deyil. Sadəcə olaraq, regionda əlavə seçimlərin yaranması müəyyən yük axınlarının yenidən bölüşdürülməsinə səbəb ola bilər. Bununla yanaşı, Azərbaycanın geostrateji mövqeyi daha da güclənəcək. Türkiyə bu layihəni reallaşdırarsa, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya və xüsusilə türk dövlətlərinin Avropaya çıxışında Azərbaycan əsas tranzit ölkələrdən birinə çevriləcək. Burada açar rol məhz Azərbaycana məxsus olacaq. Yəni həm mövcud Orta Dəhliz, həm də Türkiyənin yeni nəqliyyat təşəbbüsləri Azərbaycan üçün əlavə imkanlar yaradır. Bu imkanlar ölkənin iqtisadi inkişafına, tranzit gəlirlərinin artmasına və regional əhəmiyyətinin yüksəlməsinə xidmət edəcək. Mərkəzi Asiya və türk dövlətlərindən gələn yüklərin Azərbaycan üzərindən Gürcüstan və Türkiyəyə daşınması ölkəmiz üçün mühüm üstünlüklər yaradır", - deyə iqtisadçı vurğulayıb.

Ekspertin sözlərinə görə, bu prosesdə ən çox itirən tərəflərdən biri Ermənistan ola bilər. Əgər Türkiyə bu layihəni uğurla həyata keçirərsə və Orta Dəhlizin bəzi seqmentlərinə maraq azalarsa, Ermənistanın coğrafi mövqeyinin əhəmiyyəti də zəifləyə bilər. Çünki Türkiyəyə və Avropaya yönələn yüklərin əsas hissəsi Azərbaycan və Xəzər marşrutu üzərindən daşınacağı təqdirdə Ermənistan bu proseslərdən kənarda qala bilər. Buna baxmayaraq, Azərbaycan öz konstruktiv və humanist mövqeyini qoruyaraq Zəngəzur marşrutunun açılmasını təklif etməyə davam edir. Əgər əvvəllər bu marşrut həm Azərbaycan, həm də Ermənistan üçün vacib hesab olunurdusa, hazırkı şəraitdə onun Ermənistana daha çox lazım olduğu görünür. Çünki regionda yeni layihələr meydana çıxdıqca və alternativ marşrutlar formalaşdıqca Ermənistanın tranzit imkanları daha da məhdudlaşa bilər. Əgər Ermənistan rəhbərliyi mövcud geosiyasi reallıqları düzgün qiymətləndirərsə, Azərbaycanla sülh sazişinin imzalanması və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsinin açılması istiqamətində addımlar atmalıdır. Çünki zaman keçdikcə yeni layihələr yaranır və bu layihələrdə İranın rolu azaldıqca, Ermənistanın da proseslərdən kənarda qalmaq riski artır. Bütün hallarda isə formalaşan yeni nəqliyyat və logistika reallıqları Azərbaycan üçün əlavə üstünlüklər yaradır və ölkənin regional əhəmiyyətini daha da artırır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31